Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 4 müavinətin təyinatının elektronlaşdırılması təmin olunacaq.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, ümumən sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq və bu proses gələn il başa çatdırılacaq.
Bildirilib ki, ötən ildən başlayaraq 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) elektron təyinat sistemləri yaradılıb. Nəticədə həmin pensiya, müavinət və təqaüdlər onları almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin edilir. Bu ilin 6 ayında 53 min şəxsə pensiya, müavinət və təqaüdlər e-qaydada təyin olunub.