13 Avqust 2020 15:08
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə haqqında öz silahdaşları ilə yanaşı mühacirətdə fəaliyyət göstərən digər türk xalqlarının nümayəndələri də xatirələr yazıblar.

Xatirə müəlliflərindən biri də Əli Akışdır.

Ə.Akış 1918-ci ildə Mancuriyanın Haylar qəsəbəsində doğulub. 1929-1936-cı illərdə liseydə təhsil alıb. İdil-Ural türklərinin böyük lideri və yazarı Ayaz İshaqininin 1934-cü ildə Haylar qəsəbəsinə gəlməsi Akışın həyatında dönüm nöqtəsi olub, onun milli istiqlal uğrunda mücadilə aparan şəxsiyyətə çevirib.

Ə.Akış 1937-ci ildə Misirin paytaxtı Qahirəyə gedib, əl-Əzhər universitetində təhsil alıb. Lakin bir il sonra Varşavaya – Ayaz İshaqinin yanına yola düşüb. Polşada yaşadığı müddətdə SSRİ ilə mübarizə aparan, azərbaycanlı mühacirlərin də təmsil olunduğu Prometey klubuna daxil olub. Rəsulzadə ilə tanışlığı da bu dövrdədir.

Rusların Polşaya hücumu ərəfəsində Əli Akış təcili olaraq Varşavadakı Türkiyə səfirliyinə vətəndaşlıq üçün müraciət edib və 15 dəqiqə içində Türkiyə vətəndaşlığı qazanıb. 1940-cı ildə İstanbula yola düşüb, İstanbul Universiteti İqtisad Fakultəsində təhsil alıb. 1945-ci ildə hərbi xidmətə yollanıb, 1954-cü ildə NATO-nun Ankara ofisində çalışıb. 1953-cü ildə Mancuriyada qalan ailəsini yanına gətirə bilib.

Əli bəy 1957-ci ildə Finlandiya tatarlarından Zərifə xanımla ailə həyatı qurub. Akış uzun müddət Münxendəki “Azadlıq radiosu”nun Tatar şöbəsində çalışıb, 1983-cü ildə təqaüdə çıxıb. 1969-1986-cı ildə SSRİ əleyhinə mücadilə aparan Paris Blokunun katibi olub. 1991-ci ildə Dünya Tatar Birliyinin sədri seçilib.

2011-ci ildə Ankarada vəfat edib.

Rəsulzadə ilə bağlı xatirə

“Milli Azərbaycan dövlətinin rəhbəri Rəsulzadə həm siyasi, həm də ədəbi bir şəxsiyyət idi. Bir az məğrur və məsafəliydi. Nizami haqqında önəmli bir kitab yazmışdı. Yaxşı bir xətibdi. O da Prometey klubundaydı, hətta bu klubun qurucularındandı. Onunla ilk dəfə 1939-cu ildə Varşavada görüşdük. “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sözü Azərbaycan türkləri, hətta bütün türklüyün dilindədir. Çox önəmli aforizmlərindən biri də “Türk qövmlərinin hər biri bir çaydır, hamısı Türklük dənizinə axar” şəklində ifadə etdiyi türkçülük görüşüdür.

1954-cü ilin oktyabr ayında Milli Mərkəzin başqanı general Məcid Sakmar Ankaraya gəldi. O, burada doğulub, burada tərbiyə aldığı üçün tatar milli mücadiləsini tam şəkildə bilmirdi. Səmimi bir milliyyətçi olmaqla yanaşı “tatar” kəlməsindən xoşu gəlmirdi. Bunun mikro-milliyyətçilik şəklində başa düşülməsindən çəkinirdi. Mən o zaman çox gənc olduğum üçün Məcid bəyə təsir edəcək birini tapmalı idim. Ağlıma Azərbaycan Milli Mərkəzi və Müsavat partiyasının lideri Məhəmmədəmin Rəsulzadə gəldi. Bir gün Məcid Sakmarı onun evinə apardım. Rəsulzadə Sakmarın “tatar” kəlməsindən hiss etdiyi narahatlığı sezdi. Məcid bəyə çevrilərək dedi: “Məcid bəy, siz heç narahat olmayın, “tatar” adından da qorxmayın! O ad tarixdə böyük şöhrət qoyub. Bu adla iftixar etməlisiniz! Məsələn fransızlara bir alman qəbiləsinin adı, ruslara skandinaviyalı vikinqlərin bir adı verildiyi halda, bu iki millət də adlarından utanmır, əksinə şərəf duyurlar. Rusların ulu babaları Novqorod knyazları aralarındakı xaosa görə dövlət qura bilmədiklərinə görə vikinqlərə müraciət edərək onlara rəhbərlik etmələrini rica etmişlər. Vikinq kralı Rürik adlı bir şahzadənin rəhbərliyində “Rus” adlı qəbiləni göndərmiş. Bu qəbilə böyümüş və rus millətinə adını qoymuşdur”.

Beləcə, Məcid Sakmar 1954-cü ildə Azərbaycan lideri Məhəmmədəmin Rəsulzadədən tatarların kökləri haqqında dərs aldı. Bu görüşmə məni çox məmnun etdi. Çünki Məcid bəy Rusiyadan Qərbi Avropaya, oradan da Türkiyəyə sıçramış, həqiqi olmayan mühakimələrin təsiri ilə tatarların şərəf və şan dolu tarixinə yad idi. Rusların pis bir təbliğatı olan “barbar tatar” yarlığından qorxurdu”.

Qaynaq:

Ali Akış. “Aklımda Kalanlar. Hatıralar-Konuşmalar”, Ankara, 2002


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər