28 Avqust 2020 09:22
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ceyhun müəllim, Məhərrəmlik ayı və Aşura bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Azərbaycan dövlətinin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə düşür. Pandemiya şəraitinə uyğun hansı addımların atılmasını və tövsiyələrin verilməsini məqbul sayırsınız?

- Məlumdur ki, artıq uzun müddətdir koronavirus pandemiyası bütün bəşəriyyət üçün təhlükə olmaqda davam edir. Bu dövr ərzində minlərlə insan bu xəstəliyin qurbanı olub. COVID-19 infeksiyası ilə mübarizə qlobal xarakter daşıyır. Bütün dünyada xəstəliyin qarşısının alıması və onun fəsadlarını azaltmaq məqsədilə cəmiyyətin bütün sahələrində məhdudlaşdırıcı tədbirlər həyata keçirilir, təhsil müəssisələri, universitetlər, mədəniyyət ocaqları və ibadət evlərinin fəaliyyətinə qadağalar tətbiq olunur.

Koronavirus pandemiyası dövründə müsəlmanlar Ramazan və Qurban, xristianlar Pasxa bayramlarını məscid və kilsələrdə qeyd edə bilməyiblər. Hətta bildiyiniz kimi bu il Həcc ziyarəti də çox məhdud çərçivədə qeyd olundu. Ölkəmizdə də xəstəliklə mübarizə çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Martın 17-dən etibarən Azərbaycanda da məscidlərin, ibadət evlərinin fəaliyyəti dayandırılıb.

Dövlətimiz tərəfindən görülən bütün işlər, atılan addımlar insanlarımızın sağlamlığını qorumaq üçündür. Məhərrəmlik mərasimlərinin də məscidlərdə kütləvi şəkildə keçirilməsinin məhdudlaşdırılması da buna xidmət edir. Hazırkı dövrdə sanitar-gigiyenik qaydalara riayət olunması, qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin saxlanılması insanlarımızın üzərinə düşən ən böyük vəzifələrdəndir.

Fürsətdən istifadə edib hər kəsi bu qaydalara əməl etməyə, özünün və yaxınlarının sağlamlığını qorumağa çağırıram. Müvəqqəti çətinlikdir. Pandemiya dövrü bitdikdən sonra onlar dini ayin və mərasimləri yenidən sərbəst icra etmək imkanı əldə edəcəklər. Məhdudiyyət və qadağlar yaxın keçmişdə qalacaq.

- Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə səbəb ola bilər. Bu baxımdan kütləvi dini tədbirlərin keçirilməməsində hər hansı bir problem görürsünüzmü?

- Hazırkı dövrdə insan həyatı və sağlamlığı hər şeydən vacibdir. Dinimiz də bunu buyurur. Xəstəliyin yayılma riski yüksək olduğu üçün həm din alimləri, həm də tibb mütəxəssisləri kütləvi mərasimlərin keçirilməsini məqsədəuyğun hesab etmirlər.

Məlumdur ki, Məhərrəmlik mərasimlərində, xüsusən də Aşura və Ərbəin günlərində məscidlərə, ibadət evlərinə, ziyarətgahlara minlərlə insan toplaşır. Bu isə təbii olaraq xəstəliyin yayılmasına səbəb olur. Onu da qeyd edək ki, təkcə Azərbaycanda deyil, digər müsəlman ölkələrində də kütləvi şəkildə Aşura mərasimlərinin keçirilməsi qadağan edilib. İnsanlar öz evlərində bu mərasimləri ibadət edərək, dualar oxuyaraq keçirə bilərlər.

- Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Din özü də dözümlülük, səbr aşılayır…

- Bilirsinizmi, insanlarımızın böyük əksəriyyəti bu dövr ərzində yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək qoyulan bütün qadağalara, qanunlara ciddi şəkildə riayət etdi. Hər kəs bu məhdudiyyətlərin onların sağlamlığı və rifahı üçün olduğunun fərqindədir. İnkişaf etmiş cəmiyyət qurmağın yolu qayda-qanunlara əməl etməkdən keçir. İnsanlarımız anlayır ki, bu məhdudiyyətlər, qadağalar müvəqqətidir.

Pandemiya dövründə vətəndaşların sağlamlığının qorunması dövlətimiz üçün xüsusi önəm daşıyır. Əlbəttə, görülən bütün işlər,bütün tədbirlər hamısı düşünülmüş və məqsədli şəkildə edilir. İstər ibadət evlərinin, məscidlərin fəaliyyətinə, istər Ramazan və Qurban bayramlarının keçirilməsinə, istərsə də Aşura mərasimlərinin kütləvi şəkildə qeyd olunmasına məhdudiyyətlər qoyulması bu qəbildən olan məsələlərdəndir. Aşuranın məscidlərdə qeyd olunmamasında qeyri-adi səbəb yoxdur.

- Bütün dünyada kütləvi tədbirlər qadağan olunub, insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilir. Ümumdünya Səhiyyə Təşkilatı, ekspertlər izdiham, mitinq, ayrı-ayrı mərasimlərin insan həyatı üçün ölümcül təhlükə olduğuna dair ardıcıl açıqlamalar, bəyanatlar verirlər. Bu istiqamətdə maarifləndirici və çağırış əhəmiyyətli hansı addımlar atılıb?

- Ölkəmizdə pandemiya elan olunduğu gündən etibarən, aidiyyatı qurumlar dəfələrlə kütləvi informasiya vasitələrində əhaliyə çağırışlar edərək, onları bu virusdan qorunmağa, qabaqlayıcı tədbirlər almağa səsləyib. Cənab Prezident lham Əliyev birinci xanım Mehriban Əliyeva ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edərkən əhaliyə müraciətində söylədi ki, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək, biz birlikdə güclüyük!

Bu virusla mübarizədə televiziyaların, KİV-nin fəaliyyətini də təqdirəlayiq hesab etmək olar. Davamlı olaraq, maarifləndirici verilişlərin, sosial çarxların təqdim olunması gözəl haldır.

- Müqəddəs Quran daim birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir. Dindarlarımızın təbliğat işində rolunu necə qiymətləndirisiniz?

- Xalqımız tarixin ən keşməkeşli dövrlərində belə öz dininə, dəyərlərinə sadiq qalıb. Dinimizi ən gözəl səviyyədə qoruyaraq bu günlərə gətirib çıxarıb. Xalqımız hər zaman savadlı dindar şəxslərə böyük etimad göstərib və hörmət bəsləyib. Düşünürəm ki, bu tendensiya bu gün də davam etməkdədir. Əksər din xadimlərimiz pandemiya dövründə onlayn xütbələrində əhalini diqqətli və məsuliyyətli olmağa, qayda-qanunla riayət etməyə səsləyib.

Hazırda Məhərrəm ayı ərzində də bu çağırışlar davam etdirilir. Bu hal yüksək qiymətləndirilməlidir. Nəzərə alaq ki, din xadimlərinin böyük izləyici kütləsi, auditoriyası var.

- Pandemiya dövründə Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Dindarlara, inanclı insanlara, bu cür tədbirlərdən uzaq durmaq üçün kütləviliyə yol verməmək üçün tövsiyələriniz nədən ibarətdir?

- Biz hazırda çətin və mürəkkəb bir dövrü yaşamaqdayıq. Bu xəstəliklə mübarizə yalnız dövlətin işi deyil, burada hər bir vətəndaşımızın üzərinə böyük məsuliyyət düşür. Xüsusilə, bu dövrdə hər birimiz yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək, bütün qoyulan qadağalara, qanumlara birmənalı şəkildə riayət etməliyik. Qalib gəlməyin yolu birlikdə addımlamaqdan keçir.

Dindarlarımızı, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı dövlətimizin qanun və qərarlarına, tövsiyələrinə əməl etməyə, birlikdə olmağa çağırırıq. İnanırıq ki,dövlət başçımızın rəhbərliyi ilə biz bu xəstəliyə qısa zamanda qalib gələcəyik.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər