“Türkiyə-Azərbaycan Media Platformasının yaradılması əlaqələrin yaxşılaşması və daha da genişləndirilməsi baxımından faydalıdır”.
Bunu Teleqraf.com-a Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”- “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.
O bildirib ki, bu əlaqələr əvvəldən olsa da, keyfiyyət baxımından ondan gözləntilər kifayət qədər yüksək hesab olunmurdu:
“Doğrusu, platformanın nə demək olduğunu hələ bilmirəm. Çünki onun konsepsiyasını bilmək lazımdır. Konsepsiyası məlum olandan sonra platformanın nə əhəmiyyət kəsb edəcəyi haqqında fikir söyləmək mümkün olacaq.
Təbii ki, əməkdaşlıq lazımdır. Ümumiyyətlə, tək Türkiyə ilə deyil, Avropanın bir sıra ölkələri ilə də jurnalist kimi media əlaqələri qurmalıyıq ki, bizi tanısınlar. Daha xəritədə Azərbaycan deyəndə soruşmasınlar ki, bura Afrikadır, yoxsa haradır. Bu nöqteyi-nəzərdən əlaqələrimizi təbii ki, genişləndirməliyik”.
Elçin Şıxlı hesab edir ki, Media Platformasının həm qəzeti, həm televiziyaları, həm informasiya agentlikləri, həm də onlayn mediası olmalıdır:
“İndi işlərin mütləq əksəriyyəti onlayn media ilə görülür. Çünki bu, çevik bir platformadır. Ümumi platforma yaranandan sonra onun yayılması üçün sosial şəbəkələrdən də istifadə ediləcək. Bu da bir platformadır”.