17 Sentyabr 2020 21:13
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları təcridxanada saxlanılan soydaşlarımızla görüşüblər.

Diplomatik nümayəndəlikdən Teleqraf.com-a bildiriblər ki, iyulun 23-24-də Moskva şəhərində baş vermiş iğtişaşlar zamanı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Azərbaycan vətəndaşlarının vəziyyəti səfirliyin diqqəti mərkəzindədir.

Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra səfirliyin konsulu, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Elçin Məmmədov, Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 nömrəli İstintaq Təcridxanasında olan 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Elvin Ələkbərov və Rusiya Federasiyasının vətəndaşları - 1988-ci il təvəllüdlü Ceyhun Qiyasov, 1981-ci il təvəllüdlü Taleh İsmayılov və 1985-ci il təvəllüdlü Ələkbər Qafarov ilə konsulluq görüşü keçiriblər.

Görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını bildiriblər.

Səfirliyin əməkdaşları tərəfindən onlara məlumat verilib ki, həmvətənlərimizin məsələsi diqqət mərkəzindədir, onlara lazımi hüquqi yardım göstəriləcək və hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir.

Həmçinin sentyabrın 16-da konsulluğun birinci katibi Rövşən Axundov 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Elçin Məmmədov, eləcə də məlum hadisələr zamanı saxlanılmış Rusiya Federasiyasının vətəndaşları, 1983-cü il təvəllüdlü soydaşlarımız Natiq Zeynalov, 1986-cı il təvəllüdlü Asif Möclümov və 1987-ci il təvəllüdlü Rəşad Dibirovun Moskva şəhərinin Troitsk rayon məhkəməsinin binasında keçirilmiş məhkəmə iclaslarında iştirak edib.

Məhkəmə prosesləri zamanı iddiaçı tərəf ibtidai istintaqın oktyabrın 24-dək uzadıldığına istinad edərək, həmin vaxta qədər həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət qaldırıb. Federal hakimlər Anatoli Rojkov və Roman Zaycevin sədrliyi ilə keçirilən məhkəmə proseslərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsinə (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) əsasən təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatəti rədd edilib və onlar məhkəmə zalından buraxılıblar. İbtidai istintaq davam etdiyi üçün təqsirləndirilən şəxslərdən Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb.

Qeyd edək ki, hakim Anatoli Rojkov məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərə müraciət edərək diqqətə çatdırıb ki, Moskvadakı iğtişaşların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu anlayır, lakin bununla belə Moskva şəhərində, ümumilikdə, Rusiya Federasiyasının ərazisində ictimai qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yolverilməzdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər