Hazırda ali təhsil müəssisələrində ölkədə internetlə bağlı məhdudiyyətlər səbəbindən distant təhsil sahəsində müəyyən çətinliklər yaranır.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Bir çox ali təhsil müəssisələrində distant təhsil müvəqqəti olaraq dayandırılıb. Bu semestrin sonuna qədər ali təhsil müəssisələrində tədris distant formada davam etdiriləcək. Lakin birinci kurslar tanışlıq məqsədilə ali məktəblərdə tədris alacaqlar".
Nazir qeyd edib ki, yaxın gələcəkdə müvafiq həll yolları bildiriləcək: "34 həftəlik tədris müddətinin hələlik 2 həftəsini geridə qoymuşuq. Qaydalara riayət edərək, özünəməxsus şəkildə tədris ilini başa vurmağı düşünürük. İbtidai siniflərdə kütləvi yoluxma hallarına rast gəlinmir. Bu, təşviş yaratmamalıdır.
Azərbaycan 9-14 yaş arasında uşaqların sayı 1,5 milyon nəfərdir. Hazırkı vəziyyət mürəkkəb situasiyadayıq. Təşvişə səbəb olacaq fakt yoxdur.
Müəllimlər arasında məktəbdaxili yoluxmanın baş vermə ehtimalı böyükdür. Qubada 8 nəfərin yoluxması buna sübutdur. Gigiyena qaydalarına riayət etmək tövsiyə olunur".
Nazir qeyd edib ki, övladında koronavirus aşkarlanmasına baxmayaraq, valideyn onu məktəbə göndərir: "Belə hallar olanda bizim də işimiz çətinləşir. Əgər virusa yoluxma halı varsa, həmin sinif 14 gün əyani təhsildən kənarda qalır. Bu, məsuliyyətsizlikdir.
Eyni zamanda qeyd edim ki, son dövrlərdə pandemiya şəraiti ilə bağlı tədris prosesi üçün 2-4 həftəlik proqnoz verə bilirik. Daha uzun müddətə proqnoz verməyin elmi əsası yoxdur. Bu səbəblə əhali arasında bir müddət sonra dərs prosesi olmayacaq kimi əsassız bəyanatların səsləndirilməsi düzgün deyil".