14 Oktyabr 2020 15:49
12 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Manaf Ağayev Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Manaf bəy, cəbhə bölgəsinə getmişdiniz. Hazırda baş verən hadisələri necə dəyərləndirirsiniz?

- Buna sevinməyən azərbaycanlı var ki? Mən Füzuli torpağının oğluyam. Sizdən bir az daha çox sevinirəm ki, doğulduğum torpağa gedəcəm. Atamı dəfn etdikdən sonra ziyarət etməmişəm. Doğma torpağımda atışma altında atamı dəfn edib, oradan çıxmışıq. Ona görə də atamın məzarına bir dəstə gül qoyub, deyəcəm ki, məni bağışla! Ondan sonra ölsəm də qəm yemərəm.

- Atanızın ruhundan nəyi bağışlamasını istəyirsiniz?

- Çünki məzarına gedə, ziyarət edə bilmədim. Təbii ki, atam da məni başa düşər. Bu, mənim əlimdə deyildi.

- Cəbhə bölgəsində baş verənləri aktiv qaydada izləyirsinizmi?

- Bəli, izləyirəm, hətta dediyim kimi cəbhə bölgəsinə də gedirəm. Bu hissi o torpaqda yaşayan bilər, bilmirəm necə təsvir edim. Sevinirəm, sevincdən göz yaşım axır. Üç-dörd gün öncə dostlarımla birlikdə əsgərlərimizə yardım aparmışdım. Əvvəllər də cəbhə bölgəsinə gedirdim, amma indi daha tez-tez gedirəm. Orada ab-hava çox maraqlıdır. Təsəvvür edin ki, avtoyumada işləyən uşaqlar günə on manat qazanırlar. O pulla əsəgərlərimizə nə isə alıb aparırlar. İnsan onu görəndə rahatlaşır, sevinir.

Hamı hər gün Ali Baş Komandanımızın çıxışını gözləyir ki, bu gün hansı qələbə xəbərini deyəcək. Cənab prezidentin çıxışları adama ruh verir.

- Füzulinin Şıxlı kəndində anadan olmusunuz. Füzuli ilə bağlı xoş xəbərlər gəlir. Öz rayonunuz, doğma eviniz haqqında hansı planlarınız var?

- O vaxt sovet dövrünə düşüb, orada nə şadlıq evi var idi, nə də restoran. İndi müasir dövrdür, nələr etmək olmaz... Öz torpağında nə istəyirsən yarat. İnşallah, torpağımıza qayıdarıq, nə məsləhət olar, onu edərik.

- Füzulidə restoran açacaqsınız?

- Tək mən yox, kimin əlində nə imkan varsa, öz eli, obası üçün onu edəcək. Məsələn, biri mağaza açacaq, biri restoran… Təbii, mənim üçün ən önəmlisi odur ki, qonşularımla bir yerdə olum, evimi bərpa edim. Bacı-qardaşlarımla bir yerdə yaşayım, kənd havası, Qarabağ havası alım. Ora elə inkişaf edəcək ki!

- Ayağınızı doğma kəndinizə basanda ilk olaraq nə edəcəksiniz? Hansı mahnınızı oxuyacaqsınız?

- Əhd eləmişəm, öz qapıma gedəndə dizin-dizin sürünəcəm, sökülən evlərin hamısından öpəcəm. Efirlərin birində mənə sual verdilər ki, Qarabağ sizə nə verəcək? Dedim, qaçqınlıq vəsiqəmi əlimdən alacaq.

"Siz də qaçqınsınız?" sualından bezmişdim. Deyirdim, məcburi köçkünük. Ona görə də "Ey bizə qaçqın deyən eloğlular" mahnısını oxumuşdum.

"Qaçqın"lıq damğası bizdən alınır və dünyanın ən xoşbəxt adamıyam. Həmişə dərd-qəmdən oxumuşam, inşallah, indi qələbədən oxuyacam. Qələbəmizə, Qarabağımıza aid mahnı ifa edəcəm. "Gəl boyuna qurban olum, ay Vətən oğlu" mahnısını oxumuşdum. Daha elə mahnılar oxumayacam.

- Füzulini tərk eləməyinizi necə xatırlayırsınız?

- Mənim atam 1941-45-ci ilin müharibəsini görmüş adam idi. Bir gün hamımızı başına topladı və dedi ki, bu müharibə o müharibədən deyil. O vaxt döyüş yox idi, qəflətən atışma baş verdi. Mən evin sonbeşiyi idim. Atam dedi ki, sən mənə qulaq as, bunlar faşistdirlər, uşaqları qıracaqlar, onları buradan uzaqlaşdır.

Uşaqları Bakıya gətirdim, qohumumuzun boş evi var idi. Sonra rayona qayıtdım. Ondan dörd-beş gün sonra ermənilər rayon mərkəzinə atəş yağdırırdılar. Birinci dəfə idi ki, belə atışma olurdu. Hərə bir yandan canını qurtardı. Ondan sonra Bakıya gəldik. Burada yataqxanaya yerləşdik. O vaxt sağ-salamat gələ bildiyimizə şükür etdik. Düşmənin heç bir gücü yox idi. Bizdən silahları yığmışdılar, siyasi oyun gedirdi. Camaatda qorxu yaratmışdılar. O dövr başqa idi. İndi hamı müharibəyə getmək istəyir.

- Vətəndaşlarımızın vətənpərvərlik ruhu haqqında nə deyə bilərsiniz?

- Dünyada heç bir millətdə bu qədər ruh yüksəkliyi olmayıb. Hamı ölümü gözünün qabağına alıb, deyir ki, döyüşmək istəyirəm. Dövlətimiz də sağ olsun, qələbə əməliyyatına başladı. Şübhəsiz ki, qələbə bizimlədir. Erməni nə millətdir ki, cəmi üç milyon əhalisi var. Bir milyonu xarici ölkələrdə, iki milyonu Ermənistanda yaşayır. Yarısı da qocadır. Bunların əlində biz aciz qalmışdıq. Döyüşməyə əsgər də tapmırlar. Amma bizdə ehtiyatda yüz minlərlə adam var.

- Biz Vətənimiz uğrunda mübarizə aparırıq, onlar nə uğrunda mübarizə apardıqlarını da bilmirlər...

- Bizə kiminsə nəyisə lazım deyil. Öz torpaqlarımız uğrunda mübarizə aparırıq. 30 il səbr elədik, bəsdi...

- Əsgərlərimizə dəstək olduğunuzu açıqladınız. Bir çox məşhurlar könüllü orduya yazılıb. Siz necə orduya yazılmısınızmı?

- 57 yaşım var, hər dəqiqə cəbhə bölgəsinə getməyə hazıram. Amma orduya 35 yaşına qədər aparırlar. Mən də orada olmağı özümə şərəf bilərəm. Bu gün çağırsalar gedərəm. Son döyüşlərdə üç şəhid vermişik, bacımın qaynı, əmioğlu və yerlim.

- Yaxın günlərdə Livandan erməni əsilli opera müğənnisi Geviog Xacyan Ermənistana gəldi və Qarabağ döyüşlərində məhv edildi...

- Düz ediblər, məhv ediblər. Deyim ki, sosial şəbəkələrdə də məndən soruşurlar ki, Manaf müəllim, niyə döyüşlərə getmirsiniz? Deyirəm ki, Manafın getdiyini və nə etdiyini görməmisiniz! "Lələtəpə" yüksəkliyi alınanda da orada idim, balalarımla... Bu haqda danışmırdım. Yenə də gedirəm.

Böyük oğlum dövlət işində işləyir, onu aparmırlar. Amma bacımın, qardaşımın oğulları hamısı cəbhə bölgəsində döyüşür. Bir az öncə dediyim kimi, bu gün çağırsalar, dərhal ordayam. Allaha şükür, orduda ehtiyac yoxdur. Amma yenə tez-tez cəbhə bölgəsinə gedirəm. Həftədə bir dəfə Füzulidəyəm.

- Hətta cəbhə bölgəsinə oğlanlarınızla gedirsiniz...

- Bəli, oğlanlarımla gedirəm. Füzulilər bilirlər ki, Manaf kimdir! Həmişə onların ağır və çətin günündə yanlarında olmuşam. Öz torpağım üçün canımı da verərəm. Bu, mənim üçün şərəf olar.

- Tanınmışlardan müğənni İlkin Əhmədov cəbhə bölgəsinə gedib. Başqa vətənpərvər müğənnilər sırasında kimin adını qeyd edə bilərsiniz? Cəbhə bölgəsinə gedib şou yaradanlar da var.

- Bəli, şou yaradanlar da var. Biz yeddi-səkkiz maşınla getmişdik. Oradan foto paylaşmadım. İcazə də yox idi. Mən onu göstərmək üçün getməmişdim. Məsləhət deyilsə, şəkil də çəkdirmədim. Əsgərlərimizə sovqat, geyim aparmışdıq. İnşallah, yenə gedəcəyik. Əlbəttə, dövlətimiz ordumuzu tam təchiz edir. Biz sadəcə dəstək məqsədilə bu addımı atırıq.

Bu gün İlkin Əhmədov, Babək Neftəliyev cəbhə bölgəsinə gediblər. Onlar əsl vətənpərvərdirlər. Amma cəbhə bölgəsinə gedib, dəstək olanlar lap çoxdur.

- Bir çox həmkarlarınız Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürdülər. Siz necə?

- Mən dostlarımla cəbhəyə gedib, yerində dəstək göstərirəm. Beş-on nəfər toplaşıb, on min manat pul yığdıq. O məbləği o qədər insanın adından fonda keçirmək nəyə lazımdır? Özüm aparıram, o da dəstəkdir. Fonda böyük şirkətlər, kompaniyalar müraciət etsinlər.

- Hazırda pandemiya davam edir. Neçə aydır ki, işləmirsiniz...

- Əsas odur ki, kömək edəsən. Mən bunu onuncu sinifdən edirəm. Deyim ki, maddi vəziyyət indi yaxşıdır, yox. Mənim sənətim oxumaqdır, səkkiz aydır toya getmirəm. Səkkiz ay da toya getməyəcəm. Buna baxmayaraq, bu gün elə bir gündür ki, nəyisə satıb, qələbəyə dəstək olmaq lazımdır.

- İşğaldan azad edilmiş torpaqlarımızla bağlı sizdən muştuluq istəyənlər olurmu? Nəsə vəd verdiyiniz adam varmı?

- Çox zənglər gəlir. Demişəm ki, Füzulidə öz qapımda mağar quracam, qara qoçları kəsəcəm və bütün kəndimə qonaqlıq verəcəm. Allah onu bizə qismət eləsin.

- Füzuli və torpaqlarımız uğrunda şəhid olanların ailəsi üçün gələcəkdə hansısa xeyriyyə məqsədli nə isə edəcəksinizmi?

- Heç kim deyə bilməz ki, Manaf Ağayev şəhid ailəsinin evində oxuyub və pul alıb. Şəhid ailəsinin toyuna gedib ifa etmişəm, eləsi olub ki, pul da salmışam. İmkanı olmayan insanlara həmişə kömək etməyə çalışmışam. Biz Füzuliyə gedəndə ön cəbhəyə getmək istədim. Şükürbəyli dairəsi var, bizə dedilər ki, burada saxlayın. Apardıqlarımızı orada boşaltdıq, yanımda 50 nəfər var idi. Bir az keçdi, dostuma dedim ki, buradan tez gedək, ürəyimdə qəribə hiss var. Sanki hiss edirdim ki, ermənilər bizi vuracaqlar. Oğluma dedim ki, siz də avtomobilə oturun. 100-200 metr aralananda həmin yeri vurdular. Dedim, Allahım, ölüm qismət deyilsə, deyil.

- Son olaraq əsgərlərimizə nə demək istəyərsiniz?

- Onların başına dönüm, belə dayansınlar! Hər gün bir post, kənd, yüksəklik aldıqca, dünyanı bizə bağışlayırlar. Allah onları qorusun!

FOTO: Ceyhun Rəhimov


Müəllif: Ruslan Xəlil, Rəqsanə Həsənova

Oxşar xəbərlər