23 Oktyabr 2020 21:26
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

AVCİYA prezidenti Elxan Süleymanov Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir:

Cənab Prezident,
Hörmətli Ali Baş Komandan!

Azərbaycan xalqı öz tarixinin ən şanlı səhifələrini yaşayır. Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu tarix yazır — 28 ilə yaxın müddət ərzində Ermənistan işğalında qalmış, erməni tapdağı altında inildəyən Azərbaycan torpaqları yenidən öz Vətəninə qovuşur. Belə bir tarixi missiyaya Sizin rəhbərlik etməyinizdən məmnunluq və qürur duyuram.

Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktına keçən müddət ərzində ən yaxşı halda biganəlik nümayiş etdirmiş, işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında nəinki heç bir fərq qoymamış, əksinə, biz haqq və ədaləti tələb etdikcə, ölkəmizə qarşı təşkilatlanmış əsassız hücumlar və təzyiqlər artmış, bununla da faktiki olaraq beynəlxalq hüquq normalarına, hüququn aliliyinə hörmətsizlik nümayiş etdirmişlər.

Lakin Sizin düzgün və cəsarətli siyasətiniz və əzminizlə rəşadətli Azərbaycan Ordusu beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş normalarının bərpasına və ərazilərimizi işğaldan azad etməyə başlamışdır. Sizin komandanlığınız altında şanlı Ordumuz qısa müddət ərzində düşmənin silahlı qüvvələrini darmadağın etmiş, torpaqlarımızın xeyli hissəsini, strateji yüksəklikləri azad eləmiş, 28 ilə yaxındır işğal altında qalmış bir çox şəhər və kəndlərimizi, 132 km uzunluğunda Azərbaycan-İran dövlət sərhəddinə nəzarəti bərpa etmişdir.
Cənab Prezident!

Əldə edilmiş uğurlara ruhlanan Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşmişdir, ölkəmizin bütün vətəndaşları hər gün Tviter vasitəsilə Sizdən yeni qələbələr haqqında sevindirici xəbər gözləyir, hazırda bütün Azərbaycanın gözü Sizə yönəlmişdir. Ümidvaram ki, belə sevindirici və xoş xəbərlərdən biri də yaxın günlərdə, yaxın saatlarda Qarabağın incisi, gözü yaşlı Sərsəngin işğaldan azad olması barədə olacaqdır.

Gözü yaşlı Sərsəngin işğaldan azad olması mənim üçün həyatım qədər önəmlidir. Anasına həsrət qalmış uşaq kimi Sərsəngə qovuşmaq arzusundayam.

Belə ki, mən millət vəkili və Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü olarkən işğal altında qalmış Sərsəng su anbarının problemlərini siyasi gündəliyə gətirmək üçün qətnamə layihəsi irəli sürmüşəm. Bu qətnamə layihəsinin AŞPA komitəsində, Büroda, sessiyada təsdiqlənməsi yolunda böyük gərginliklərə dözərək, sözün əsl mənasında siyasi müharibədə qalib gəldik. Həmin dövrdə Ermənistan Prezidenti Sarkisyan ölkəsinin bütün siyasi-diplomatik resurslarını səfərbər edərək, Avropa Xalq Partiyasının sədri vasitəsilə AŞPA Prezidentinə, AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının sədrinə, fraksiyanın üzvlərinə, bütün xristian dünyasına müraciət etmiş, onları Ermənistanın müdafiəsinə çağıraraq, Qərb dünyasının və Ermənistanın məşhur din, mədəniyyət, idman xadimlərini haqsız mübarizələrinə qoşmuşlar. Rəhbəri olduğum Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Sizin göstərişiniz və dəstəyinizlə 2013-2017-ci illər ərzində “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirdi. Sərsəng su anbarının siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırdıq, ölkədaxili, Avropa və Amerika miqyasında, AŞPA, Avropa Parlamenti və AVRONEST PA kimi beynəlxalq qurumlarda böyük işlər gördük. AŞPA-da 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamlərinin qəbul edilməsi layihənin əsas nailiyyətlərdən biri oldu.

AŞPA üzvü kimi Sərsəng su anbarına dair qətnamə layihəsi verdikdən sonra anti-Azərbaycan və ermənipərəst qüvvələr tərəfindən təzyiqlərə məruz qaldım. Ermənistan tərəfi məruzəçini ölkəyə buraxmadı və ona qarşı kampaniyalar aparıldı. Bu çətinliklərə və təzyiqlərə baxmayaraq böyük səs çoxluğu ilə qəbul edilən qətnamədə bir çox mühüm müddəalar öz əksini tapmışdı.

Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanması vurğulanmış, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilmiş, təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənmiş və “qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilmiş, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilmiş, su anbarında fəlakətin baş verə biləcəyi təqdirdə bütün məsiliyyətin Ermənistan dövlətinin üzərinə düşəcəyi vurğulanmışdır.

Lakin Sizin hər zaman vurğuladığınız kimi, işğal faktını ehtiva edən digər beynəlxalq sənədlər kimi, AŞPA-nın 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsi də kağız üzərində qaldı və onun tələblərinin yerinə yetirilməsi istiqamətində heç bir addım atılmadı. Əksinə Azərbaycana, şəxsən mənə və həmkarım Müslüm Məmmədova qarşı şər və böhtan kampaniyasının aparılması üçün AŞPA-da “qondarma iş uyduruldu”.

AŞPA-da əldə edilən 2085 saylı qətnamədən sonra Sizə müraciətim nəticəsində, şəxsən Sizin dəstəyiniz və göstərişinizlə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair AVCİYA-nın başladığı petisiya Azərbaycan xalqı, dünya azərbaycanlıları, böyük türk xalqının, onun sənət adamları, siyasətçilər, idmançılarının hər birinin qoşulması nəticəsində ABŞ Prezidenti B.Obamanın sərəncamı ilə yaradılmış petisiya platformasının 5 illik tarixində ən çox imza toplamış ikinci petisiya oldu. Lakin nəticədə... Dünya və Amerika yenə susdu.

Azərbaycan Prezidentinin iradəsi və Azərbaycan Ordusunun rəşadəti bir daha sübut etdi ki, öz qərarlarına hörmət etməyən və ikili standartlara əsaslanaraq qərəzli fəaliyyət göstərən beynəlxalq təşkilatlar heç vaxt Azərbaycan ərazilərinin azad edilməsinə töhvə verə bilməzdi. Bu problemi yalnız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız və onun formalaşdırdığı müasir, professional Azərbaycan Ordusu həll edə bildi. Azərbaycan ərazilərinin, o cümlədən Sərsəngin işğaldan azad olunması qeyd edilənlərin əyani sübutu olacaqdır.

Cənab Prezident!
Siz Azərbaycan xalqının qürurunu qaytardınız, Siz torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqında gələcəyə inamı gücləndirdiniz və xalqımızı öz ətrafınızda sıx birləşdirdiniz. Azərbaycan xalqına verdiyiniz bu sevincə, səadətə, gələcəyə inama görə Sizin qarşınızda hər bir azərbaycanlı kimi mən də baş əyərək Sizə öz minnətdarlığımı çatdırıram. Bütün uğurlarımızda bizimlə birgə olan, mənəvi dəstək verən böyük türk xalqına öz minnətdarlığımı bildirirəm.

Siz, əsrlər boyu Azərbaycanın itirdiyi torpaqları ilk dəfə geri qaytaran cəsur, qəhrəman, məğlubedilməz sərkərdə kimi tarixdə, gələcək nəsillərin yaddaşında və ürəklərində yaşayacaqsınız.

Yaşasın Azərbaycan! Eşq olsun Şanlı Azərbaycan Ordusuna və onun Ali Baş Komandanına! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Dərin ehtiram və hörmətlə,

Elxan Süleymanov,
AVCİYA prezidenti
23 oktyabr 2020-ci il


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər