2 Noyabr 2020 13:42
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

Bu barədə Teleqraf.com-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirdə BŞTİ-nin sektor müdiri Fuad Babayev Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq noyabrın 2-dən tədrisin distant qaydada təşkil olunmasında məktəb direktorları üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb. O, “Microsoft Teams” platformasında yaradılmış imkanlardan söz açıb. F.Babayev təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının əsas hədəflərdən biri olduğunu xatırladıb, distant tədris prosesinin təşkilində müəllimlərin səylə çalışmasının vacibliyini qeyd edib.

Görüşdə çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov ölkəmizdə pandemiya dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığının prioritet məsələ kimi daim öndə olduğunu vurğulayıb. Sektor müdiri xüsusi karantin rejimindən irəli gələn tələblərə riayət olunmasında şagird və valideynlərin maarifləndirilməsi baxımından pedaqoji kollektivlərin rolunun layiqincə dəyərləndirilməsinin vacibliyini bildirib. B.Məmmədov şagirdlərin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəyə sövq edilməsi, habelə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan teledərslərə diqqətinin artırılması üçün müəllim və valideynlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. Distant təhsilə cəlb olunma səviyyəsinə ciddi nəzarət etməyi tövsiyə edən sektor müdiri, həmçinin Vətən müharibəsi ilə bağlı qeyri-rəsmi, təsdiq olunmamış məlumatların sosial şəbəkələrdə paylaşılmaması, ancaq rəsmi məlumatlara istinad edilməsinin zəruriliyinə diqqət çəkib.

Sonda evdə təhsilin təşkili, günü uzadılmış qruplar və dərnəklərin fəaliyyəti, məktəbəhazırlıq qruplarında məşğələlər, jurnalların yazılması və digər mövzularla bağlı məktəb direktorlarının sualları cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər