1 Dekabr 2020 00:23
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətinin icra etdiyi Xəzər dənizinin dibi ilə Azərbaycanla Türkmənistan arasında fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik Kabel Xətti) çəkilməsi layihəsi “Türkmentel 2020” - Türkmənistan Telekommunikasiya və İT Konfransında müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, 24-25 noyabr tarixlərində onlayn olaraq keçirilmiş, Avropa və Asiyanın müxtəlif ölkələrindən rəsmi şəxslərin və aparıcı telekommunikasiya operatorlarının rəhbərlərinin qatıldığı konfransda “AzerTelecom” şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev çıxış edib. O, Avropa ilə Cənubi Asiya arasında Azərbaycan və Türkmənistan vasitəsilə formalaşan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) və bu qlobal rəqəmsal dəhlizin Xəzər dəniz seqmenti olan Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xətti (Transxəzər Fiber Optik Kabel Xətti) layihəsi barədə danışıb.

Fuad Allahverdiyev qeyd edib ki, dördüncü sənaye inqilabı şəraitində intensiv rəqəmsallaşma rəqəmsal infrastruktur quruculuğu layihələri ilə sıx bağlıdır və müxtəlif regionlar arasında magistral fiber-optik kabel xətlərinin çəkilməsi həmin regionlarda əhalinin bağlantı xidmətləri ilə daha yaxşı təmin edilməsinə şərait yaradır, rəqəmsal qloballaşma proseslərini sürətləndirir.
“Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi Avropa ilə Cənubi Asiya arasında “Rəqəmsal İpək Yolu”nu formalaşdıracaq. Fiber-optik kabel xəttinin çəkilməsi üçün 2019-cu ildə Aşqabadda Azərbaycan və Türkmənistan arasında dövlətlərarası saziş imzalanıb. Bu ilin mart ayında isə Bakıda layihənin icraçıları olan “AzerTelecom” və “Türkmentelekom” telekommunikasiya operatorları arasında fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu imzalanıb” – deyə F.Allahverdiyev qeyd edib.

Fuad Allahverdiyev layihənin Azərbaycan və Türkmənistanın telekommunikasiya sektoru, ümumilikdə isə regionda telekommunikasiya ekosisteminin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər