Bir ilə yaxındır koronavirusla mübarizə aparırıq. Yeganə çarə xəstəliklə mübarizə qaydalarına əməl etməkdir.
Teleqraf.com xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"2019-cu ilin dekabr ayında Çində COVID-19 virusu ortaya çıxaraq bütün dünyaya yayıldı. Yalnız bütün dünya ölkələrinin birgə mübarizəsi ilə virusa qalib gəlmək olar. Doğrudur, bir çox ölkələrdə radikal tədbirlər görüldü. Virus haqqında əvvəllər heç bir məlumatımız yox idi. Lakin qısa müddət ərzində xəstəliyin diaqnoztikasında istifadə olunan metodlar müəyyən uğurlara gətirdi.
Bu virusla mübarizə digər infeksiyalarla müqayisədə çox çətindir. Aptekdə antibakterioloji dərmanlar çox olsa da, virusa qarşı dərman tapmaq müşküldür. Biz virusa qalib gəlmək üçün hüceyrəni öldürməliyik. İndiyə qədər alimlər nəsə tapdığını iddia etsə də, ortada koronavirusa qarşı heç bir dərman preparatı yoxdur".
Professor qeyd edib ki, dünyanın çoxsaylı laboratoriyalarında COVID-19 virusuna qarşı vaksin və dərman hazırlığı aparılıb: "Hazırda 11 vaksin ABŞ-da yerləşən qida və dərman təşkilatına təsdiq üçün müraciət edib. Əlimizdə isə təsdiqlənmiş vaksin yoxdur. Vaksin təsdiqlənsə belə, nə qədər effektiv olacağı məlum deyil.
Lakin virusa yoluxub, sağalan şəxslərdə COVID-19-a qarşı yaranan antitellər 3-4 ay yaşayır. Hazırda vaksin üzərində işlər ciddi şəkildə araşdırılır".