Mən fəxr edirəm ki, atamın timsalında bütün şəhidlərimizin qisası alındı. Başda Ali Baş Komandan olmaqla güclü ordumuzla fəxr edirəm. Şəhidlərimizə Allahdan rəhmət ailələrinə səbr diləyirəm. Həmçinin, döyüş zamanı şücaət göstərmiş qazilərimizə tez bir zamanda sağlamlıqlarına qovuşmalarını arzu edirəm.
Teleqraf.com-un məlumatına görə, bu sözləri şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva deyib.
“Mükəmməl ata idi”
Gülnarə Mirzəyevanın sözlərinə görə, şəhid İlqar Mirzəyev daim övladlarına xüsusi diqqət göstərib: “Atam həmişə qardaşımla mənə onun qürur mənbəyi olduğumuzu söyləyirdi. Atamın bizə olan müraciətləri hələ də qulağımdadır. Mənə ən çox “anam”, “quzum” deyirdi, qardaşıma isə “qəhrəmanım”... Ailəsinə çox bağlı insan idi. Həmişə bizim üçün hər şeyin ən yaxşısı olmalı idi, vəziyyətdən, imkandan asılı olmayaraq, bizə hər şeyin ən mükəmməlini edirdi. Yadımdadır, uşaqlıqda atam maaşını alan kimi anamla bazarlıq etməyə gedirdi, qayıdanda qardaşımla gəlib zənbillərə baxırdıq, həmişə orada mütləq bizim sevdiyimiz şokolad və dondurma olurdu. O, bizim nəyi xoşlayıb-xoşlamadığımızı çox yaxşı bilirdi. Mükəmməl ata idi...”
“Son zamanlar alman dilini öyrənməyə başlamışdı”
İşi ilə əlaqədar polkovnik övladlarına yetərincə çox vaxt ayıra bilməsə də, imkan düşən kimi onlarla birgə vaxt keçirməyə çalışıb: “Biz Naxçıvanda yaşayanda bizi parka aparmağı çox sevirdi, orada atraksionlara bizimlə birlikdə minirdi, üzümüzü güldürmək üçün əlindən gələni edirdi. Şəhərə gəzməyə çıxanda mərkəz yollara gedirdik ki, bizə harada nəyin yerləşdiyini öyrətsin. Kitab oxumağı, dil öyrənməyi hədsiz çox sevərdi. Son zamanlar alman dilini öyrənməyə başlamışdı, B1 səviyyəsinə çatmışdı deyə çox sevinirdi. Özü kitablar alıb fərdi məşğul olurdu, oradan öyrənirdi, işdən gələndən sonra hobbisi bu idi. Bizə də öyrətməyə çalışırdı. İşləri hər nə qədər çox olsa da, nə qədər yorğun olsa da, yenə hər gün öz peşəsi üzrə kitablar oxuyurdu. Yenilikləri öyrənmək istəyirdi, işində belə mükəmməllik axtarırdı”.
“Sosial şəbəkədə sonuncu dəfə Alim Qasımovun “Xatirədir” mahnısını paylaşmışdı...”
Gülnarə Mirzəyeva qeyd edib ki, atasının ən sevdiyi mahnılar retro janrında idi: “Həmişə köhnə Azərbaycan musiqilərinə qulaq asırdı. Retro mahnıları çox sevirdi. Ən çox qulaq asdığı mahnı isə Alim Qasımovun “Xatirədir” mahnısı idi, elə sosial şəbəkədə ən son paylaşdığı da o mahnıydı. Sanki bir gün sonra özünün də ancaq xatirələrdə olacağını hiss etmişdi...”.
İlqar Mirzəyev xəbərlərə qulaq asmağı, oxumağı çox sevərmiş. Qızı vurğulayır ki, həm yerli, həm də xarici telekanallara baxar, gündəmi bilmək istəyərmiş: “Sosial şəbəkələrdə də xəbər səhifələrinə abunə olurdu, həmişə izləyirdi, dünyada baş verən hər şeydən xəbərdar olmaq istəyirdi”.
“Deyirdi gələcəkdə hər şeyi səndən öyrənəcəyəm”
Gülnarə Mirzəyeva deyir ki, atasının yarımçıq qalan arzularını yerinə yetirməyi özünə söz verib: “Hələ 7-ci sinifdə oxuyanda atamın istədiyi kimi iqtisadçı olacağımı deyirdim və oldum. Atam təhsilə çox önəm verirdi, bizə ən çox verdiyi məsləhət elm, təhsillə bağlıydı, deyirdi oxuyun, təhsil alın. Bank işləri ilə bağlı başa düşmədiyim məqam olanda atamdan soruşurdum, o da izah edirdi, sonda da deyirdi ki, indi mən sənə başa saldım, amma gələcəkdə hər şeyi səndən öyrənəcəyəm. Mən də elə bu səbəbdən hazırda təhsil aldığım iqtisadiyyat sahəsi üzrə atamın istədiyi kimi önəmli bir yerə gəlmək istəyirəm. Ki, atam mənə baxıb qürur duysun, övladları ilə fərəhlənsin.
Onun sözlərinə görə, İlqar Mirzəyev heç vaxt iş həyatı ilə şəxsi həyatını qarışdırmazdı: “İşdə tamam fərqli idi, evdə isə başqa... İş yerində nələr baş verdiyini heç vaxt bilməzdik. Ancaq kursant vaxtlarından maraqlı hadisələri danışardı, biz də deyib-gülərdik. Atam perfeksionist idi, bir işi elə-belə görməzdi, ən yaxşı, mükəmməl qaydada etməli idi. Bu xüsusiyyətimdə atama bənzəmişəm. O, bu xasiyyətimə görə həmişə gülərdi, amma bilmirdi ki, özü də belə idi”.
Gülnarə Mirzəyeva general Polad Həşimovun ailəsi ilə bir hərbi şəhərcikdə yaşadıqlarını qeyd edib: “Atam hər gün onun haqqında bizə danışardı, çox cəsur, yaxşı insan olduğunu vurğulayırdı. Aprel döyüşlərində də bir yerdə xidmət ediblər”.