Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin post müharibə dövrü üzrə psixoloji dəstək tədbirləri itkin düşmüş hərbçilərin ailələrini də əhatə edir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, son günlərdə Agentliyin psixoloq və psixiatrlardan ibarət qrupları Bakı, Abşeron, Sumqayıt, Quba, Xaçmaz, Qazax, Gəncə, Tovuz, Şamaxı, Masallı, Füzuli şəhər və rayonları üzrə 19 itkin ailəsi ilə görüşüblər. Onlardan psixoloji yardıma ehtiyacı olan 13 ailə ilə müvafiq istiqamətdə işlər aparılır.
Bununla yanaşı, Agentlik şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini də davam etdirir. Ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar da keçirilir.