Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günü münasibətilə anadan olduğu Qəbələ rayonunun Vəndam qəsəbəsində yanvarın 2-də anım mərasimi keçirilib.
Mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanları və digər qurumların rəhbər şəxsləri, şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, tədbirdə Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Bağırov, qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Rəşad Əhmədov çıxış edərək, qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qələbəsindən danışıblar. Diqqətə çatdırılıb ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Şəhid generalın ailə üzvləri adından çıxış edən Babək Səmədov Vətən müharibəsində qazanılan zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, əsgər və zabitlərimizə minnətdarlığını bildirib.
Mərasimin sonunda şəhidlərimizin əziz xatirəsinə dualar oxunub.