23 Oktyabr 2014 16:08
1 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirkət əməkdaşları BDU-nun tələbələri ilə görüş keçirdi

Oktyabrın 22-si Bakı Dövlət Universitetində BP("British Petroleum") şirkətinin tələbələrlə görüşü baş tutub. Görüşdə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov və komitə əməkdaşları, BP şirkətinin nümayəndələri, o cümlədən, İnsan resursları şöbəsinin əməkdaşı Həlimə Mahmudova və tələbələr iştirak edib.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşid Mustafazadənin Teleqraf.com-a verdiyi xəbərə görə, Bakı Dövlət Universitetində Təhsil və karyera günləri çərçivəsində həyata keçirilən bu görüşdə tələbələrə gələcək iş imkanları barədə geniş məlumat verilib.

Daşqın Qənbərov ilkin olaraq çıxış edib. Bildirib ki, tələbələrin fəaliyyətində bu cür görüşlər vacibdir. “Tələbə üçün ən gözəl motivasiya onun gələcəkdə tuta biləcəyi mövqedir. Əgər mənim qiymətlərim əla olsa, mənim intellektual səviyyəm, ictimai fəallığım yüksək olsa, nələrə nail olacam deyə tələbə özünə sual verir. Bu mənada Azərbaycanda müxtəlif karyera günlərinin, əmək yarmarkalarının keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Biz də THİK kimi fəaliyyətimiz dövründə bu cür görüşlərin, təhsil və karyera günlərinin tez-tez keçirilməsi üçün çalışırıq. Ölkəmizdə həm dövlət, həm özəl sektorda kifayət qədər vakant yerlər var. Bu iş yerlərinin hər biri savadlı, potensial kadrları gözləyir. İstərdim ki, bizim universitetin və ümumiyyətlə bütün Azərbaycanın tələbələri layiqli yerlərdə çalışsınlar”.

Daha sonra BP şirkətinin İnsan resursları şöbəsinin əməkdaşı Həlimə Mahmudova çıxış edərək hər zaman tələbələrə iş imkanlarının yaradılması işi istiqamətində çalışdığını və bundan sonra da universitet məzunlarına dəstək olacağını söyləyib.

Şirkət tərəfindən reallaşdırılan layihələr barədə danışan Həlimə Mahmudova hal-hazırda tələbələr üçün yay təcrübə proqramına ərizə qəbulunun davam etdiyini vurğulayıb: “BP tərəfindən tələbələr üçün nəzərdə tutulan yay təcrübə proqramı şirkətdə yay tətili zamanı 10 həftəlik çalışmaq imkanıdır. Bu təcrübə müddətində hər bir tələbə rəqabətə davamlı əmək haqqı ala biləcək və əsl komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə edə biləcək. Eyni zamanda, bu sizin karyera təşəbbüslərinizi üzə çıxarmaq və müvəffəqiyyətli karyera üçün sizin üçün zəruri olan texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanıdır” – deyə şöbə əməkdaşı geniş məlumat verib.

BP şirkətinin nümayəndələri tələbə və məzunlar üçün yaradılan imkanlar, iş və təcrübə proqramlarından danışıblar. Bütün bunlar müxtəlif video-çarx və slaydların nümayişi ilə müşaiyət olunub.

Sonda tədbirə yüksək maraq göstərən tələbələr BP şirkətinin nümayəndələrinə suallar ünvanlayıblar. Sualalrı cavablandıran nümayəndələr tələbələri fəal olmağa və iş üçün BP-yə müraciət etməyə çağırıblar.

SEVİL


Müəllif:

Oxşar xəbərlər