“Azəriqaz” İstehsalat Birliyi şəhid qadın hərbçi Arəstə Baxışovanın ailəsinin yaşadığı evi qazlaşdırıb.
Bu barədə Teleqraf.com-a “Azəriqaz”dan məlumat verilib.
Xatırladaq ki, Arəstə Baxışova Vətən müharibəsində şəhid olan ilk qadın hərbçidir. Oktyabrın 24-də yaralı hərbçiləri döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib.
Arəstə Baxışovanın Zəhra və Mərdan adlarında iki övladı bizə xatirə qalıb. Arəstə sentyabrın 27-də başlayan döyüşlər zamanı hərbçilərə tibbi yardım göstərilməsi üçün cəbhəyə yollanır.
Bir neçə istiqamətdə qorxmadan, yorulmadan vəzifəsini icra edir. Anasına döyüşlərin ən qızğın yerlərində olduğunu heç vaxt bildirmir. Hamı elə bilir ki, Arəstə hərbi hospitalda yaralı əsgərlərə tibbi xidmət göstərir.
Ordumuzun zabitləri oktyabrın 24-də Arəstənin anası Məktubə Baxışovaya zəng edərək “bağışla, ana, bacımızı qoruya bilmədik” xəbərini verirlər.
Şəhid Arəstə Baxışovanın ailəsi Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır. Evlərində bu günədək təbii qazdan istifadə etməyiblər. Yalnız elektrik enerjisi ilə evi çətinliklə də olsa, isitməyə çalışıblar, lakin bu, o qədər də yaxşı alınmayıb.
Onlar “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməsə belə, əməkdaşlar bundan xəbər tutaraq ailəyə baş çəkib.
Razılıqlarını aldıqdan sonra fərdi yaşayış evində qazlaşma işlərinin aparılmasına başlanılıb.