"Sabah saat 20:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikilisi, o cümlədən 12-ci əsrin tarixi memarlıq abidəsi olan “Qız Qalası” qırmızı rənglə işıqlandırılacaq".
Teleqraf.com xəbər verir ki, bunu İçərişəhər Qoruq İdarəsinin mətbuat xidmətində baş məsləhətçi Səfayə Əhmədova deyib.
Qurum rəsmisi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Dünya Vərəm Günü ilə bağlı şüarları (“The clock is ticking”, “End TB”) binalar üzərində nümayiş olunacaq: “Məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltmək. “Stop TB” (Vərəmə son qoyaq) tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyasını keçirir. Bu il Azərbaycan da bu təşəbbüsə qoşulub. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaq”.