Türkiyə sprey formasında peyvənd istehsalına başlayır.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sprey peyvəndlər üçün klinik işlərə başlanacağını açıqlayıb.
Burundan və ya ağızdan tətbiq olunan peyvəndin epidemiyanın qarşısını alacağı gözlənilir.
Qeyd edək ki, müxtəlif ölkələr tərəfindən hazırlanan peyvəndlər yoluxmanın qarşısını almır, yalnız xəstəliyi yüngül keçirməyə kömək edir.
Ankara Universitetinin professoru İsmail Balık sprey vaksinin üstünlüklərini şərh edib: “Tənəffüs yolunun virusları bədənə burun və ağız boşluğundan daxil olur. İmmun sistemi bu viruslarla burundakı tüklər və yerli immunitet sisteminin hüceyrələri ilə mübarizə aparmağa davam edir. Sprey peyvənd də burada dövriyyəyə girir.
Bu peyvənd virusun daxil olduğu yerdən verildikdə immun sistemi yerli antikorlar yaradır. Virusa yoluxan zaman bu yerli antikorlar virusun burun və ağız nahiyəsində bədənə yayılmasının qarşısını alır. Buna görə də sprey vaksinlər mövcud peyvəndlərin edə bilmədiklərini edir. Başqa sözlə, virusa yoluxmanın qarşısını alır”.
Peyvəndlərin kimlərə tətbiq ediləcəyi məsələsi klinik tədqiqatlarla müəyyən edilir. Sprey peyvənd bütün yaş qrupları üçün istifadə edilə bilər.
Peyvəndi şəxs özü-özünə tətbiq edə bilər. Peyvəndin buruna və ya boğazın arxasına, yoxsa hər ikisinə birdən püskürdülməsi klinik tədqiqatlar zamanı bəlli olacaq.
Sprey peyvəndin sadə bir aparatda olması gözlənilir. Daşınma və saxlama şərtlərinin digər peyvəndlərə nisbətən daha asan olacağı təxmin edilir.