12 Aprel 2021 14:08
5 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 aprel kosmonavtika günüdür. 60 il bundan əvvəl - 1961-ci ildə dünyada ilk dəfə bizim də o vaxt vətənimiz sayılan SSRİ-nin vətəndaşı təyyarəçi Baş leytenant Yuri Qaqarin bu gün müstəqil Qazaxıstanın ərazisi olan Baykonur kosmodromundan “Vostok-1” kosmik gəmisində göyə qalxaraq Yerin ətrafında dövr edərək 108 dəqiqədən sonra Yerə enib.

Onun ilk qarşısına çıxan hərbçi kapitan rütbəsində olur. Qaqarin ona raport vermək istəyərkən, kapitan ona xəbər verir ki, sən artıq mayorsan, indi radio xəbər verdi. Əlbəttə, bu tarixi hadisə idi. Cəmi 1 saat 08 dəqiqə davam edən bu uçuşun arxasında o vaxtkı SSRİ-nin bütün iqtisadi və hərbi potensialı dayanmışdı. Kosmosa ilk insanı göndərən ölkə dünyanın iqtisadi və hərbi nöqteyi-nəzərdən bir nömrəli super dövləti olan ABŞ yox, məhz SSRİ idi. Burada bir neçə səbəb göstərmək olar.

Bunlardan birincisi o idi ki, SSRİ rəhbərləri müdafiə qüdrətinin artırılmasına daim diqqət yetirirdilər. Bəzən bu ABŞ-la müqayisədə ÜDM-nin daha böyük hissəsini əhatə edirdi. Yalnız Qaqarinin uçuşundan sonra Amerika xalqına ilk kosmonavtın ABŞ deyil, SSRİ vətəndaşı olmasının səbəblərini izah etməli olan ABŞ prezidenti Kennedi söz verdi ki, biz bu geriqalmanı mütləq aradan qaldıracağıq. Kennedi ABŞ konqresinə 240 milyard dollar həcmində layihə təqdim edərək kosmik tədqiqatların sürətləndirilməsinə nail oldu.

İkinci səbəb o idi ki, SSRİ-də kosmosun fəth edilməsində xüsusi rolu olan insanlar var idi. Onlar kosmosu həyatlarının başlıca mənası hesab edir, bundan ötrü hər cür məhrumiyyətlərə hazır idilər. Bunlardan biri də sözsüz ki, Sergey Korolyov idi. O, gənc yaşlarında təyyarələrlə maraqlansa da, sonradan kosmos və raketlər onu daha çox cəlb etməyə başlamışdı. Hətta iş o yerə gəlib çatmışdı ki, hərbi texnikanın geri qalması və bunu aradan qaldırmağın yollarını bütün yuxarı orqanlara yazdığı məktublarda bildirdiyinə cavab olaraq onu katorqaya göndərmişdilər. Deyilənlərə görə, Korolyov hətta şəxsən Stalinə də bu barədə məktublar göndərirmiş. Nəhayət, görəndə zamanın nəbzini tutmaq vacibdir, Korolyov və onun kimi adamları kosmik proqramların həyata keçirilməsinə cəlb etdilər.

Həmyerlimiz Kərim Kərimov kosmonavtika sahəsində Sovet dövlətinin əldə etdiyi uğurlarda çox əhəmiyyətli rol oynayıb. Kərim Kərimov 1917-ci ildə Bakıda anadan olub, nəsil şəcərəsi qədim Şamaxının zadəgən nəslindəndir. Sənaye institutunu tamamladıqdan sonra Artilleriya akademiyasını bitirib, bundan sonra bütün həyatı raketlər və kosmosla bağlı olub. Qaqarini kosmosa qaldıran R-7 raketi Kərim Kərimovun başçılıq etdiyi SSRİ Müdafiə nazirliyinin baş idarəsinin sifarişi əsasında istehsal edilib.

General Kərim Kərimov almanlardan ələ keçmiş FAU raketlərinin sınaqlarından başlayaraq, ta SSRİ dağılana qədər bu sahədə son söz yiyəsi olub.

1965-ci ildə Kərim Kərimov pilotlu raketlərin Dövlət komissiyasının sədri təyin edilir. Bu cür məsuliyyətli iş yalnız bilikli, öz işinə son dərəcə sadiq və eyni zamanda insanlarla dil tapmağı bacaran, tabeçiliyində olan insanlara qarşı diqqətli və qayğıkeş şəxşə tapşırıla bilərdi. Bu keyfiyyətlər hamısı Kərim Kərimovda var idi. Onu bir çoxlarından fərqləndirən cəhət həm də sadə və təvazökar olması idi. Təbiidir ki, Sergey Korolyov və Kərim Kərimov kimi insanların bu məsuliyyətli işin başında durması SSRİ-nin bu sahədə Amerikanı xeyli qabaqlamasına səbəb oldu. Aya ilk dəfə Amerika vətəndaşının ayaq basmasını da Korolyovun bu sahədə investisiyaların artırılması haqda müraciətlərinin cavabsız qalmasında axtarmaq lazımdır. Yalnız Ay proqramı həyata keçiriləndən sonra SSRİ rəhbərliyi səhvini başa düşmüşdü, lakin artıq gec idi.

Kərim Kərimovun müsahibələrindən birində “niyə kosmonavtlar arasında azərbaycanlı yox idi” sualına belə cavab vermişdi ki, nəinki azərbaycanlı, ümumiyyətlə, müsəlman millətlərindən kosmonavtların olması da məqsədəuyğun sayılmırdı. Yalnız həmyerlimiz Musa Manarovun kosmosa göndərilməsini Kərim Kərimov onun uzun müddət Korolyovla bir yerdə işləməsi ilə izah etmişdi.

Buradan belə bir məntiqi sual meydana çıxır: bəs necə olub ki, Kərim Kərimovun özü belə məxfi sahəyə buraxılıb? Mənə görə bunun səbəbi Kərim Kərimovun qeyri-adi, ilahidən olan bilik və rəhbərlik istedadı və ona bu bacarıq və elmi səviyyədə bərabər ola biləcək alimlərin olmamasıdır. Bu qədər mühüm və məsuliyyətli vəzifədə slavyan yox, azərbaycanlı türk oğlunun 25 il rəhbər olması qıcıq yaratsa da, ən yüksək səviyyədə buna qarşı kiminsə açıq surətdə mane olması mümkün deyildi. General Kərimov öz vəsifəsinin öhdəsindən məharətlə gəlib. Korolyov kimi şəxsiyyətin də tabe olduğu Dövlət komissiyasına rəhbərlik etmək elə də asan məsələ deyildi. İkincisi, bu sahə o qədər məsuliyyətli sahə idi ki, onu nisbətən zəif iradəli şəxsə etibar etmək özü riskli idi. Təsadüfi deyil ki, general Kərimovdan əvvəl və sonra bu sahəyə heç kəs uzun müddət rəhbərlik edə bilməyib. Məncə, biz hələ də bu insanın böyüklüyünü kifayət qədər təsəvvür etmirik. Onun fəaliyyəti Ginnesin rekordlar kitabına daxil edilməyə layiqdir. O, 30 ildən yuxarı kosmonavtika sahəsinə rəhbərlik edib. 1965-ci ildən 1991-ci ilə qədər 26 il pilotlu raketlər üzrə Dövlət komissiyasının sədri olub. O, öz fəaliyyəti ərzində Stalinə, Xruşşova, Brejnevə, Andropova, Çernenkoya, Qorbaçova məruzə edib. Bir –birindən fərqli rəhbərlər dəyişsə də, dəyişməz yalnız KƏRİM KƏRİMOV olub.

O günləri xatirələrində daima saxlayan Əzim Cabbarov da xatirələrində xalqımızın ləyaqətli oğlu, general K.Kərimovdan bəhs edərək yazırdı: “Mənim dostum, Kərim Kərimovun dayısı oğlu ehtiyatda olan polkovnik Oktay Əhmədov, onun rəhmətlik qardaşı, mənim məktəb yoldaşım mərhum Aydın Əhmədov, söhbətlərində mənə uzaq 1968-ci ildə deyəndə ki, kosmonavtika üzrə dövlət komissiyasının sədri bibioğlu Kərimağadır, mən inanmadım, hətta dedim ki, azərbaycanlının orada nə işi var? Diqqət edin, 53 ilə yaxın vaxt ötüb, bu gün də inanılmaz bir həqiqətdir ki, Sovet kosmonavtikasının inkişafında bizim həmyerlimiz, AZƏRBAYCANLI general Kərim Kərimov müstəsna xidmətləri olmuş bir şəxsdir.”

Əlbəttə, belə bir insan haqqında bir yazıda hər şeyi demək mümkün deyildir, lakin arzu edərdim ki, yer planetində ilk dəfə kosmosa insanın uçuşunun 60 illik yubileyi ərəfəsində müvafiq orqanlar bu böyük insanın xatirəsini əbədiləşdirmək üçün bütün tədbirləri görəcəklər.

Oktay Əhmədov,

Ehtiyatda olan polkovnik


Müəllif: Teleqraf.com