16 Aprel 2021 09:14
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həftənin əsas mövzularından biri Moskvadakı “Alye Parusa” yaşayış kompleksində baş verən səs-küylü qətldir. Qatil azərbaycanlı “qanuni oğru” Albert Rıjiyi (Əli Heydərovu) yaşayış kompleksinin idman mərkəzində fitneslə məşğul olarkən vurdu. Son səkkiz ildə Moskvada “qanuni oğru”ların öldürülməsi hadisəsi olmayıb. İddiaya görə, qatil uzun müddət Albertin qonşuluğunda yaşayıb. Lakin qətldən sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi əməliyyat nəticəsində tutulub.

Albert Rıjiy həbsdən erkən sərbəst buraxılan ilk “qanuni oğru” kimi tanınırdı. Yeraltı dünyada onu öldürmək istəyən qorxunc düşmənləri vardı.

Qatil yaxında

Kriminal aləmdə “Albert Rıjiy” kimi tanınan Əli Heydərov aprelin 12-də saat 13:00-da Moskvada qətlə yetirilib. Məlumata görə, qatil “Alye Parusa” yaşayış kompleksində yaşayıb və mütəmadi olaraq buradakı fitness mərkəzinə gəlib. Lakin mühafizəçilər idman edərkən arxadan Albertə yaxınlaşan qatili dayandıra bilməyib və onu kürəyindən güllələyib. Bundan sonra fitness salonunda çaxnaşma başlayıb. Bundan istifadə edən qatil qırmızı çantasını da götürərək aradan çıxmağı bacarıb.

İlkin məlumata görə, qətl qatilin öz çantasında gətirdiyi döyüş avtomatından törədilib. Zərərçəkmişlə mübahisədən sonra silahı çıxarıb və Heydərovu vurub.

Rusiya İstintaq Komitəsində “qanuni oğru”nun öldürülməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 105 (qətl) və 222-ci (qanunsuz silah gəzdirmə və əldə etmə) maddələri ilə cinayət işi açılıb. Rusiya mətbuatı bundan sonra Albert Rıjiyə atəş açan şəxsin Mətləb Sultanov olduğunu iddia edib. Həmin şəxs əvvəllər Azərbaycanda qətl hadisəsinə görə məhkum edilib. O, 2008-ci ildə ailə münaqişəsi zəminində bacısı Pərvanə Hüseynəliyevanı bıçaqlayaraq öldürüb. Albert Rıjiyin Sultanovun ikinci qurbanı olması mümkündür.

Moskvada təqib

Rusiya hüquq-mühafizə orqanları cinayət hadisəsindən sonra qatilin axtarışına başlayıb. İlkin məlumata görə, Sultanov Albert Rıjiyin məskunlaşdığı “Alye Parusa” yaşayış kompleksində bir mənzil kirayələyib və eyni zamanda qətlin baş verdiyi fitness klubunda idmanla məşğul olub.

İddiaya görə, Sultanov təqribən bir il qurbanını izləyib. Qatil özünü gizlətmək üçün bir qadınla görüşməyə başlayıb və tez-tez onunla birlikdə Albert Rıjiyin öldürüldüyü fitness mərkəzinə gəlib. Qatilin sevgilisi Sultanovun kim olduğunu bilmədiyini iddia edib, özünü ona iş adamı kimi təqdim etdiyini deyib. İndi ondan bir uşaq gözləyir.

İddiaya görə, “qanuni oğru”nu vuraraq öldürən şəxs şəhərdaxili sərnişin avtobusuna minərək oradan qaçıb. Qatil fitness mərkəzindən qaçarkən əlində “Skorpion” avtomatı və qırmızı çanta olub. Eyni zamanda, qatilin Albert Rıjiyə başqa bir silahdan - avtobusda qoyduöu “Glock” tapançasından atəş açdığı versiyası ortaya atılıb. Cinayətdən sonra Sultanov marşrut və nəqliyyat vasitəsini, habelə paltarını dəyişdirib.

Moskva avtobuslarında quraşdırılmış təhlükəsizlik kameralar şübhəlinin bir sərnişinlə pencək üstündə sövdələşmə etdiyini və bunun üçün ona pul verdiyini çəkib. Bir müddət sonra qatilin əynində sarı paltar vardı. Sokol metrostansiyasında bir taksiyə minərək gözdən itib.

Bütün əlamətlər Albert Rıjiyin peşəkar bir qatilin əlində öldüyünü göstərir. Bu səbəbdən Rusiya Federal Təhlükəsizlik Xidməti və Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları eyni vaxtda qatilin axtarışına başlayıb. Birgə iş qısa müddətdə öz bəhrəsini verib. İstintaq İdarəsi rəisinin köməkçisi Yuliya İvanova aprelin 14-də Heydərovun qətlində şübhəli bilinən şəxsin tutulduğunu açıqlayıb.

Qətlin sifarişçisi

Qatilin gizləndiyi mənzildə axtarışlar aparılıb, yaxın vaxtlarda onun özünün dindiriləcəyi gözlənilir. Mətləb Sultanov saxlanıldıqdan dərhal sonra günahını etiraf edib. Albert Rıjiyin qətlinə görə pul mükafatı almadığını və cinayətin səbəbinin aralarındakı şəxsi ziddiyyət olduğunu bildirib. Bu gün istintaqın cavablandırmaq istədiyi əsas sual da Albert Rıjiyin həqiqətən niyə öldürüldüyü və cinayətin sifarişçisinin kim olmasıdır.

Bəzi məlumata görə, müstəntiqlər Rıjiyin qətlinin iki əsas versiyası üzərində işləyir. Versiyalardan birinə görə, cinayətin səbəbi Rıjiyin uzun müddət mərhum azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli) aralarındakı ziddiyyət olub. İkinci versiyaya görə, bu, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyinə görə “oğru dünyası”nın intiqamı ola bilər.

Qeyd edildiyi kimi, bu, Moskvada son 8 ildə “qanuni oğru”nun öldürüldüyü ilk cinayətdir. Bundan əvvəlki cinayət 2013-cü il yanvarın 16-da baş verib. Həmin hadisədə Rusiya yeraltı dünyasının lideri Aslan Usoyan (Ded Xasan) qətlə yetirilib. Yeri gəlmişkən, 2012-ci ildə Gəncədən olan Əli Heydərovu taclandıran Ded Xasanın tərəfdarları olub. Ded Xasanın bunu şəxsən təsdiqlədiyi iddia edilir.

Quli ilə qarşıdurma

Albert Rıjiyə düşmən sayılan “qanuni oğru” Quli güzəştsiz və barışmaz xarakteri ilə seçilirdi. Onun çox sayda düşməni vardı. Kriminal aləmin ən nüfuzlu “qanuni oğru”larından biri, mərhum Rövşən Canıyevin (Rövşən Lənkəranski) də bu sırada olduğu deyilirdi.

İddiaya görə, Quli 2017-ci ilin noyabrında Rıjiyi “oğru” ünvanından məhrum edib. Yenə həmin iddiaya görə, yeraltı dünya üçün belə bir qərarın verilməsi Rıjiyin özünün günahı olub. Türkiyədə onunla Qulinin adamları arasında baş verən qarşıdurmada özünü qoruya bildi. İddiaya görə, hadisə yerindən polis avtomobilindən uzaqlaşıb. Quli ilə yanaşı, bu davranışı Rıjiyə düşmən olmayan digər nüfuzlu “oğrular” tərəfindən də qınanılıb. Lakin bir müddət sonra “oğru” adını yenidən qaytarmağı bacarıb. Albert Rıjiy 2018-ci ilin sentyabrında kriminal dünyanın daha beş nüfuzlu simasının dəstəyi ilə açıq şəkildə azərbaycanlı “qanuni oğru”lara qarşı çıxıb.

“Rosbalt”ın yazdığına görə, həmin vaxt Rusiya bazarlarında Quli ilə əməkdaşlıq edən şəxslərin işinə müdaxilə etmək üçün hər cür təlimat verilmişdi. Satıcılar və bazarların rəhbər şəxslərinə Qulinin himayəsindən çıxacaqları təqdirdə onlar üçün daha yaxşı olacağı bildirilmişdi. Ancaq sonra bu qarşıdurma açıq müharibəyə çevrilmədi. Quli iki il sonra Türkiyədə vuruldu. Bundan sonra Qulinin yaxın adamlarının mərhuma etdiyi hücumlara görə Albert Rıjiydən qisas almaq qərar verib-vermədiyi məlum deyil.

İkinci versiya

Albert Rıjiyin qətlinin ikinci ehtimal olunan səbəbi hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdır. Əlbəttə ki, bunun rəsmi təsdiqi yoxdur.

Albert Rıjiy ötən il iyunun 3-də Rusiyada həbsxanadan şərti olaraq azadlığa çıxan ilk “qanuni oğru” oldu. O, vaxtından 13 ay əvvəl sərbəst buraxılmışdı. İddiaya görə, Heydərovun cəzasını çəkdiyi 3 saylı islah koloniyasında həbsxana rəhbərliyi ilə heç bir problemi olmayıb, rejimi pozmayıb, heç bir əlavə cəza almayıb. “Praym Kraym”ın iddiasına görə, Rıjiy Moskvadakı Azərbaycan qruplarına nəzarət rolunu oynamaq üçün vaxtından əvvəl sərbəst buraxılıb.

Bu rolda vaxtilə Quliyə düşmən olmamağa üstünlük verən Vaqif Süleymanova (Vaqif Bakinski) alternativ ola bilərdi. Görünür, paytaxtdakı kriminal avtoriteti və mövqeyi həqiqətən güclənmişdi. Yeraltı dünyanın standartlarına görə, Rıjiy son dərəcə cəsarətli və ağıllı qərarlar verə bilirdi və bunun sayəsində nüfuzunu gücləndirməyi bacarmışdı.

“Omonçular” ad günündə

Albert Rıjiy 40 yaşını yanvarın 30-da Moskvanın Odintsovo rayonundakı “Oçaq” restoranında qeyd etdi. Tədbirin ortasında Rusiya xüsusi təyinatlı qüvvələri (OMON) formasında olan şəxslər salona daxil oldular və ona yaxınlaşaraq qarşısında diz çökdülər. Belə bir addım Rusiya hüquq-mühafizə və təhlükəsizlik orqanlarının xoşuna gəlmədi, onları qəzəbləndirdi.

“Qanuni oğru”nun qətlinə bu addımının və ya başqa bir amilin səbəb olduğu hələlik məlum deyil.

Qeyd edək ki, material Rusiyanın Lenta-ru saytından götürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər