1 Noyabr 2014 10:57
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq hüquqlarının Müdafiə Liqası: “Bağçalara az uşaq gedir”

Azərbaycanda uşaq təlim-tərbiyə müəssisələrinin sayı uşaqların sayından azdır. Dövlət bu problemin həlli üçün müvafiq tədbirlər görsə də, hələ də məsələ tam olaraq öz həllini tapmayıb. May ayından başlayaraq əksər məktəbəqədər təhsil müəssisələrində “uşaq bağçasında yer yoxdur” elanına rast gəlirik. Öz övladını uşaq bağçasına yerləşdirə bilməyən naəlac valideyn isə ya qeyri-qanuni yolla bağça müdirəsi ilə razılaşmaya gəlir, ya da övladına dayə tutmalı olur ki, buna isə çox hallarda valideynin maddi imkanı çatmır. Uşaq bağçalarına alternativ olaraq fəaliyyət göstərən qeyri-hökumət təşkilatları isə məhdud sayda olsa da, var. Amma onların da fəaliyyəti çox hallarda qənaətbəxş olmur.

Gəlişigözəl vədlər, aldadılan valideynlər...

Bu günlərdə “Happy- Club” Uşaq İnkişaf Mərkəzi adlı bir qurumun elanı ilə rastlaşdım. Elanda uşaqlara kifayət qədər diqqətçəkən xidmətlər təklif olunur: təcrübəli, kreativ fikirli, ali savadlı pedaqoqlar, uşaqlara ana qayğısı ilə yanaşan dayələr, 1-4-cü sinif şagirdləri üçün prodlyonka (uşaqların məktəbə aparılıb-gətirilməsi), dil kursları (ingilis, rus, ərəb və s.), rəsm, uşaq rəqsi, uşaq gimnastikası, uşaq psixoloqu, loqoped, saat hesabı dayəlik xidməti, ev tapşırıqlarının edilməsi. Üstəlik, yanvar ayına qədər 20 faiz endirim təklif olunur.

Göstərilən ünvanda olduq. Mərkəzin rəhbəri Könül xanım (soyadını təqdim etmədi) qurum haqqında heç bir məlumat vermək istəmədi. Dedi ki, mərkəzin işi uşaqlara 1-2 saatlıq dayəlik xidməti göstərməkdir, vəssalam. Bəs elanda göstərilən xidmətlər? Cavabından anlaşıldı ki, qabaqcadan edilən vədləri gələcəkdə həyata keçirmək niyyətləri var.

Saatı beş manata olan dayəlik

“Burada körpələrə dayəlik xidmətinin saatı beş manatdır. Aylıq qiyməti isə danışıqdan asılı olaraq 150 manata da razılaşdırmaq olar”. Özümüzü valideyn kimi təqdim etdik. “Başqa xidmətiniz yoxdur?” sualımıza “Happy-Club”dan bu cavabı aldıq. “Yox, nə xidmət olacaq ki? Uşağı gətirib qoyursunuz, oyuncaqlarla oynayır, bura bağça deyil ki, yemək-filan təminatı olsun”.

Görünür, məktəbəqədər təlim-təhsil müəssisələrinin say məhdudluğu və alternativ QHT qurumlarının ixtisaslaşmış fəaliyyət göstərə bilməməsi bu cür “işbazlara” fürsət verir. Yaxud da ki, belə təşkilatların fəaliyyətinə hansısa qurumlar tərəfindən süni əngəllər yaradıldığından, bu təşkilatlar şəffaf fəaliyyət göstərə bilmir. Bütün bunların cəfasını isə sonda yenə biçarə valideynlər çəkməli olur.

“Günərzi qayğı mərkəzləri çoxalmalıdır”

SOS Uşaq Mərkəzinin sabiq pedaqoji məsləhətçisi Fərqanə Məmmədovanın bildirdiyinə görə, Azərbaycanda uşaqlara davamlı qayğı göstərən, uşaq bağçası funksiyasını yerinə yetirən alternativ qurumlar olduqca azdır: “Əksəriyyət qurumlar isə təkcə müvəqqəti qayğı göstərmək imkanına malikdir. Ona görə də günərzi qayğı mərkəzlərinin genişlənməsinə ehtiyac var. Belə mərkəzlər Avropa ölkələrində, Rusiyada da artıq çox populyardır. Evlərdə, 3-4 otaqlı mənzillərdə uşaqlara belə qayğı göstərmək olar. İşçi personal və uşaq sayı az olduqda xidmətin keyfiyyətini yüksəltmək də asan olur. Hazırkı şəraitdə çıxış yolu budur. Əgər günərzi qayğı mərkəzlərinin işlədilmə şərtləri bir qədər yumşaldılarsa, bu cür xidmətləri genişləndirmək asanlaşar”.

"Uşağı öyrənməyi bacaran ona qayğı göstərməlidir"

F.Məmmədovanın fikrincə, günərzi qayğı mərkəzlərinin ixtisaslaşmış fəaliyyəti üçün işçi heyət uşaq psixologiyası, uşağın inkişafı üçün kifayət qədər məlumatlı olmalıdır: “Eləcə də, uşağa qayğı bacarığına malik olanlara, yaxud bu bacarıqlara sahiblənmək üçün xüsusi kurslar keçmiş şəxslərə bu iş həvalə edilə bilər. Yoxsa istənilən şəxs bu işi bacarmaz. O ki qaldı bu sahə üzrə kadrların hazırlanmasına, bunun üçün potensial imkanlar var. Məktəbəqədər müəllimlərin, bağça tərbiyəçilərinin məktəbləri, sertifikat verməklə bu kursları keçə bilər. Sadəcə, buna şərait yaradılmalıdır”.

“Alternativ qurumları qınamayın...”

Uşaq Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirov hesab edir ki, günərzi qayğı mərkəzləri xüsusi mülkiyyət əsasında fəaliyyət göstərdiyindən onlara birbaşa rəsmi nəzarət mümkün deyil: “O qurumun rəhbəri deyə bilər ki, mən uşağına bir saat baxıram, 50 manat istəyirəm, dövlətə vergi ödəyirəm və qanuni fəaliyyət göstərirəm, sənə nə? Dövlət orqanlarının o qurumun fəaliyyətinə müdaxilə imkanı o halda mümkün olar ki, valideynlər o orqanlara şikayət etmiş olsun. Bu sahədəki boşluqlardan istifadə edib valideynləri aldadırlar. Əslində, bu cür qurumlar qınaq yeri olmamalıdır. Danışdırsanız, fəaliyyətləri üçün min bir problemləri ortaya çıxar. Problemlərini deməyə çəkinirlər. Onların fəaliyyətinə nəzarəti təmin etmək mümkündür”.

“Ev bağçaları yaradılmalıdır”

Y.Bəkirov dedi ki, uşaq bağçalarının məhdud sayda olması təkcə Azərbaycanda deyil, bütün dünyada var: “Amma inkişaf etmiş dövlətlər problemdən çıxış yolunu tapıblar. Azərbaycanda uşaqların cəmi 8 faizi bağça ilə təmin olunur. Üstəlik də məhdud sayda olmasına baxmayaraq, infrastrukturuna görə də uşaq bağçaları arasında fərq çoxdur. Eləsi var şadlıq evinə bənzəyir, digərində isə uşaq üçün yaşayış şəraiti yox dərəcəsindədir. Ona görə də bu istiqamətdə əsaslı dövlət proqramının hazırlanmasına və bu proqramın işlək olmasına ehtiyac var. Almaniyada hər uşağa aylıq 150 avro verilir. 10 valideyn birləşib ev bağçaları yaradır. Dövlət də bu bağçaların fəaliyyətinə vəsait ayırır və öz nəzarətini aparır. Bu cür şərait bizdə də yaradılmalıdır”.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər