1 İyun 2021 12:39
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial sahədə ünvanlılığın təmin olunmasına yönələn mütərəqqi addımlar atılsa da, pensiya və müavinətlərin təyin edilməsində və ödənilməsində həllini gözləyən bəzi problemlər qalmaqdadır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri millət vəkili Könül Nurullayeva deyib.

O bildirib ki, sosial siyasətin əhatəliliyinin təmin edilməsi və bu sahədə işlərin icrasına diqqət bir qədər də artırılmalıdır:

“Pensiyaların hesablanması zamanı nöqsanlara yol verilməsi hallarının qarşısı daha ciddi şəkildə alınmalıdır. Hesablanmamış və ödənilməmiş qalıq vəsaitin qısa müddətdə büdcə vəsaitləri hesabına pensiyaçılara ödənilməsi prosesi sürətləndirilməlidir. Ötən ilin dövlət büdcəsinin uğurlu icrası pandemiya fəlakəti və Vətən müharibəsi kimi tarixi sınaqlardan çıxıb. Bununla yanaşı, dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın stimullaşdırılması istiqamətində müsbət rol oynayıb. Büdcə xərclərinin artıq 38,9 faizinə çatan sosial xərclər bütövlükdə ölkədə sosial qayğıya və dəstəyə ehtiyacı olan insanlar üçün sosial rahatlığın yaradılmasına mühüm töhfə verməkdədir. Davamlı və dayanıqlı inkişafı büdcə vəsaitlərindən səmərəli istifadə, iqtisadi layihələrin icrasından birbaşa aslıdır. Dünya Bankı tərəfindən “Doing Business – 2020” hesabatı üzrə aparılan araşdırmaların nəticəsində Azərbaycan 191 ölkə arasında hər il qabaqcıl yerlərdən birində qərarlaşıb. Lakin "Kiçik investorların qorunması" indikatoru üzrə hələ çox işlərin görülməsinə ehtiyac duyulur”.

Millət vəkilinə görə, iqisadi inkişafa maneə yaradan başlıca faktorlardan biri kimi kiçik investorların qorunması mexanizmlərinin daha səmərəli işlənməməsidir:

“Bu sahədə işlərin görülməsi vacibdir. Sahibkarlıq sferasının hər təbəqəsi fəaliyyətini səmərəli şəkildə qurmalı və bu yöndə xüsusən xırda investorların risklərinin qorunmasına nail olunmalıdır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ilin 11 ayı ərzində ümumi dəyəri 369 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 2282 yeni iş yerinin açılması imkanı yaranıb. Bundan əlavə olaraq, pandemiyanın təsirinin yumşaldılması ilə bağlı xüsusi tədbirlər planına əsasən, əlavə olaraq elektron kredit platforması vasitəsilə orta və kiçik sahibkarlara 163 milyon manat güzəştli, dövlət zəmanətli kreditlər ayrılıb”.

Deputat xatırladıb ki, pandemiyanın sahibkarlığın inkişafına ən mənfi təsiri əhalinin bir hissəsinin iş yerini itirməsi, yaxud fəaliyyətlərinin ciddi təhlükə altına düşməsidir:

“Məşğulluğun təmin edilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət zəmanətli kredit portfeli genişləndirilməsi məqbul olardı. Özəl və dövlət sektoru arasında daha sıx və şəffaf meyarlarla əlaqələrin qurulması təmin edilməlidir. Bu amil büdcə vəsaitlərinin daha səmərəli və məqsədəmüvafiq xərclənməsi işinə təkan vermiş olar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər