Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin qarnizonunda gənc əsgərlərin hərbi anda gətirilməsi münasibəti ilə təntənəli tədbir keçirilib.
Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, general-polkovnik Elçin Quliyevin bu münasibətlə şəxsi heyətə təbrik sözlərini çatdıran DSX rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərov Azərbaycan sərhədçilərinin dahi öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olmaları ilə fəxr etmələrini, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında şərəflə xidmət etməkdən qürurlu olmalarını qeyd edib.
Gənc əsgərlərin valideynləri çıxış edərək öz övladlarını təbrik edib, onlara sərhədçi təlimi keçmiş zabitlərə təşəkkürlərini bildiriblər.
Tədbir gənc əsgərlərin sıra meydanında hərbi andı-Vətənə sədaqət andını qəbul etmələri və şəxsi heyətin tribuna önündən təntənəli marşı ilə başa çatıb.