Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi KİV nümayəndələrinin qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla tanışlığı üçün mediatur təşkil edib.
Teleqraf.com-un məlumatına əsasən, Xaçmaz və Quba rayonlarına təşkil edilən mediatur zamanı jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.
Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə,
həm şəhid ailələrinin, həm qazilərin, həm erməni terrorundan əziyyət çəkən şəxslərin, həm də vətən müharibəsi iştirakçılarının sosial dəstək tədbirləri ilə əhatə olunmaları üçün ardıcıl işlər görülür:
"Tədbirlər içərisində məşğulluq istiqaməti xüsusi rol oynayır. Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən ildən etibarən ayrıca tədbirlər planı hazırlanır. Həmin tədbirlər planında sadalanan bu kateqoriya vətəndaşların məşğulluq məsələlərinin həlli nəzərdə tutulur. Özünüməşğulluq proqramına cəlb olunan şəxslərin bir qismi artıq sürətli şəkildə mal və materiallarla təmin olunub. Onlar üçün kiçik təsərrüfat və biznes sahələri yaradılıb. Digər şəxslər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan profillər üzrə işlə təmin olunublar. Bu yaxınlarda nazirlik məşğulluq marafonuna start verdi. Bu layihənin əsas məqsədi əlbəttə ki, qazi və şəhid ailəsi üzvlərinin işlə təmin olunmasıdır".
Qeyd olunub ki, 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həlli işləri də aparılır. Son aylarda bu kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. Xaçmaz və Quba rayonlarında da bu işlər getdikcə geniş vüsət alır.
KİV əməkdaşları əvvəlcə Xaçmazın Müşkür kəndinə Qazi Abdulla Musayev üçün yaradılmış şəraitlə tanış olublar. Qazinin anası Lalə Musayevaya xırdabuynuzlu heyvandarlıq zərfi üzrə aktivlər təqdim edilib. Üç uşaq anası olduğunu deyən Lalə Musayeva bildirib ki, oğlu 10 il gizir işləyib: "Oğlum Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. Müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb, orda da qəlpə yarası alıb. Hazırda müalicələri davam edir, yenidən əməliyyat olunmalıdır. Dövlətimizin diqqət və qayğısını hər zaman hiss edirik, sağ olsunlar. Şükürlər olsun ki, torparlarımız alındı".
Qazinin atası Allahverdi Musayev isə qeyd edib ki, təsərrüfatın inkişaf etdirilməsi üçün ailəyə 21 baş qoyun verilib.
Allahevrdi Musayevin sözlərinə görə, bu təklif Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən irəli sürülüb.
Daha sonra jurnalistlər Xaçmazın Qaradağ-Buduq kəndində şəhid Elməddin Alxasovun anası Əsli Alxasova (Xaçmaz) üçün yaradılmış təsərrüfatla tanış olub. Ailə postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində verilmiş dəstək əsasında mal-qara ilə təmin olunan ailə iribuynuzlu heyvandarlıq təsərrüfatını qurub.
Quba rayonundan olan qazi Nicat Qubatovun atası Urfan Qubatova üçün isə avtomobil şinlərinin təmiri sahəsi üzrə kiçik biznes sahəsi yaradılıb.
Urfan Qubatov bildirib ki, oğlu Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb: "Nazirliyin nəzdindəki Dövlət Məşğulluq Agentliyi işlə təmin olunmağıma yardım etdi. 10 gün ərzində təkər təmiri avadanlıqları ilə təmin etdilər. Avadanlıqların hamısı təzə və işlək vəziyyətdədir".
Proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, kiçik ailə təsərüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıblar. Bildirilib ki, Quba və Xaçmaz rayonları üzrə son bir ildə həssas əhali qruplarına aid 610 nəfər özünüməşğulluq proqramının dəstəyi ilə aktivlərlə təmin olunaraq, kiçik ailə təsərüfatlarını yaradıb.