Prezident İlham Əliyevin imzaladığı “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 25 iyun 2021-ci il tarixli Fərmanı qeyd edilən kateqoriyalara aid vətəndaşlara xüsusi diqqət və qayğının davamıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Teleqraf.com-a verilən xəbərə görə, Fərmanla həmin şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri yaradılacaq.
"Məqsəd onlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin olunmasıdır.
Fərmanla “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı” və vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası da təsdiq edilib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) həmin siyahıda göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub.
Sənədə əsasən, vahid əlaqələndirmə mərkəzlərində xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstəriləcək və birbaşa (yerində), “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada təşkil ediləcək. Xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə, informasiya texnologiyalarından geniş istifadə edilməklə həyata keçiriləcək.
Mərkəzlərin fəaliyyəti ilkin mərhələdə Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST” mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında təşkil olunacaq.
Xidmət göstərəcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında əlaqələndirmə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməklə, üç ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişikliklər edilməsi təmin ediləcək", - deyə məlumatda bildirilib.