Bu gün qardaşlıq və barış bayramı hesab olunan Qurban bayramı qeyd olunur.
Teleqraf.com xəbər verir ki, islam dünyasında böyük sevinc və birlik içində qeyd olunan Qurban bayramı Hicri təqviminə görə, Zilhiccə ayının 10-cu günündən etibarən 4 gün qeyd olunur. Qurban bayramı müsəlmanların hər il Həcc ziyarətlərini həyata keçirdikləri aydır. Həcc ziyarətinə gedən müsəlmanlar qurbanlarını Məkkədə kəsirlər.
Qurban bayramında namaz qılmaq fərzdir. Bu bayramda dini şərtlərə uyğun olaraq, maddi vəziyyəti imkan verən şəxslər tərəfindən qurban kəsilir.
Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah yanında bəyənilmiş əməllərdən hesab olunur. Qurbanlıq heyvan şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməlidir. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.
Kəsilən qurbanlar keçi, qoyun, dana və başqa heyvanlar ola bilər. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanların qurban kəsilməsi məqbul sayılmır. Xırdabuynuzlu heyvan bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurban ətinin satılması haramdır, ətin müəyyən qismi yoxsul insanlara paylanılmalıdır.
Bayramda təmiz və yeni paltar geyinmək adətdir. Qurban bayramında uşaqlara bayram xərcliyi verilir. Bayramda mümkün olduqca kasıblar, yetimlərə əl tutulmalıdır. Bu bayramda xüsusilə də ət almaq imkanı olmayanlar və ya yoxsulların yaşadığı ərazilərdə bu əməli icra edərək onlara yardım əli uzatmaq daha məqsədəuyğundur.
Qeyd edək ki, bu il Qurban bayramı ilə əlaqədar olaraq 18, 19, 20, 21 iyul tarixləri qeyri-iş günüdür.