Naftalan şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər veriri ki, şəhər ərazisində sanitar-epidemioloji durum Naftalan Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış xüsusi Qərargah tərəfindən ciddi nəzarətdə saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə önəm verilir və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir.
İnfeksiyanın şəhər ərazisində yayılmasının qarşının alınması məqsədilə Naftalan şəhərində növbəti kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələri dezinfeksiyaedici maddələrlə yuyulub, çoxmənzilli binaların giriş blokları və pilləkənlər, gündəlik tələbat malları mağazalarının, apteklərin giriş-çıxışları, bankomatların yerləşdiyi ərazilər, parklar təkrar dezinfeksiya olunub.
Eyni zamanda, şəhər icra hakimiyyəti yanında yaradılan Qərargahın üzvlərindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən şəhər ərazisində karantin rejimi qaydalarının təmin olunması üçün gündəlik nəzarət tədbirləri həyata keçirilir.
Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər bir müddət öncə Azərbaycanda gündəlik yoluxma 100-200 idisə, son günlərdə 1000-i ötüb.
Mütəxəssislər karantin rejiminin yumşaldılması və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışının, şənlik mərasimlərinə icazənin, tətil mövsümü ilə əlaqədar olaraq xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.
Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.