30 Avqust 2021 14:09
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Maşallah Əhmədov iştirak edib .

Daha sonra təqsirləndirilən Rasim Quliyev ifadə verib.

O bildirib ki, vəzi səlahiyyətlərini aşmayıb və üçüncü şəxsin xeyrinə heç bir iş görməyib:

"Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə mənə verilən ittiham üzrə heç bir sübut yoxdur. Mən heç kimdən maddi maraq güdməmişəm, heç kimdən pul almamışam. İşdə adı keçən şahid Tamella xanımı burada, məhkəmədə görəcəm. Allah şahiddir ki, heç kimdən pul almamışam".

Rasim Quliyev qeyd edib ki, Bakı şəhər İcra Hakimiyyətinə edilən şikayətlərin əksəriyyətindən çoxu tikintilərlə bağlı olub. Bildirib ki, bununla bağlı Arxitektura idarəsi ilə mübahisələri olub, məqsədi şikayətçiləri razı yola salmaq olub.

Təqsirləndirlilən şəxs deyib ki, Bakı şəhər İcra Hakimiyyətinin müavini səlahiyyəylətinin ona tapşırılması barədə heç bir əmək müqaviləsi olmayıb:

"Mən aparat rəhbəri olmuşam. Müavinlərdən biri rəhmətə getdiyi üçün Hacıbala Abutalıbovun göstərişi ilə bəzi işlərə baxmaq mənə tapşırılıb. Hacıbala Abutalıbova müavin təyin edə bilmək səlahiyyətim olmayıb. Sadəcə icra başçısının poçtuna baxmaq mənə tapşırılıb. Mən müavin olmaq barədə heç kimə ərizə yazmamışam. Mənim müavin vəzifəm olmayıb. Əgər belə bir hal olsaydı, gərək müavin maaşı alardım. Belə bir hal olmayıb".

Rasim Quliyev deyib ki, Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi sənədləri hazırlayıb və ona təqdim edib:

"Aparat rəhbəri olaraq mən sənədləri qəbul etmişəm. İşlərin 80 faizini Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi görüb. Bu işdə mənim səlahiyyətim olmayıb. Bakı şəhər İcra Hakimiyyətinin başçısı sərəncam verib ki rəhmətə gedən müavinin səlahiyyətləri müvəqqəti olaraq mənə həvalə olunub. İcra başçısı yalnız iş yükünü mənə həvalə edib.

Mənim başqa səlahiyyətim olmayıb. Mən onun mail adresinə baxıb ona gələn məktub və müraciətləri aidiyyəti üzrə yönləndirmişəm. Mən elə gün olurdu ki, 5 qovluq sənədə baxıb yönləndirmişəm. Bu müvəqqəti yükün mənim üzərimdə olacağı vaxt olmayıb. Mən müavin kimi nə müqaviləm olmayıb, nə də onun əmək haqqını almamışam. Mən aparat rəhbəri maaşını almışam. İcra başçısının mənə müavin səlahiyyətlərini müvəqqəti icra etmək barədə verdiyi sərəncamın özü də düzgün tərtib olunmayıb. Çünki sərəncamda göstərilməyib ki mənim vəzifəm nədir?

Ramiz Mehdiyev 2014-cü ildə mənə məktub göndərmişdi ki, mənə həvalə olunan səlahiyyət düzgün deyil. Mən məktubla bağlı Hacıbala Abutalıbova göndərdim. Hacıbala Abutalıbov mənə cavab verdi ki, mən bu səlahiyyətləri şifahi icra edə bilərəm".

Rasim Quliyev deyib ki, Hacıbala Abutalıbov Ramiz Mehdiyevə cavab verib:

"Məktubda bildirilib ki, sənədlərin imzalanması məsələləri Rasim Quliyevə müvəqqəti həvalə olunub. Mənim mövqeyimi özümü cinayətdən suçsuz çıxarmaq deyil. Sadəcə sənədlərdən artıq görünür ki bu maddənin mənə aidiyyəti yoxdur. Mən sənədləri səlahiyyətsiz şəxs kimi imzalamışam. Hacıbala Abutalıbov Ramiz Mehdiyevə məktubunda da bunu göstərib. Mən sərəncamla müavin təyin olunmamışam, müavin maaşı almamışam, mən necə vəzifə icra edə bilərəm və vəzifə səlahiyyətləriimi almamışam. Mən dövlətimə qulluq etmişəm".

Rasim Quliyev bildirib ki, Cinayət Məcəlləsinin 314.2-3 cür maddəsi ilə ona sürülmüş ittiham əsassızdır:

"Guya ki mən hansısa şirkətə zərbə vurmuşam. Bildirim ki, həmin ərazidə tikinti başlayıb. Həmin tikinti işlərində isə mənim heç bir rolum olmayıb. Dilarə Əliyeva 141 ünvanındakı mədəniyyət abidəsinə mənim dövründən əvvəl zərər dəyib. Həmin ünvanda yaşayan sakinlər var, onlar bilirlər ki, həmin abidəyə mən vəzifə səlahiyyətlərini icra etməmişdən əvvəl ziyan dəyib. Dilarə Əliyeva 141-dəki binaya məndən əvvəl ziyan dəyib, Dilarə Əliyeva 145 dəki bina isə tam sökülüb. Bunların mənə nə aidiyyəti var

Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra Bakı şəhər İcra Hakimiyyətinə gəlirdi, icra başçısının otağından istifadə edirdi. Ehtimal edirəm ki, həmin dövrdə İcra başçısı vəzifəsini də hər hansısa formada Hacıbala Abutalıbov həyata keçirib. Mən isə yalnız müavinin elektron poçtlarına baxmışam, başqa səlahiyyətlərim olmayıb".

Prokurorun suallarını cavablandıran Rasim Quliyev bildirib ki, 2017-ci il avqustunda Bakı şəhər İcra Hakimiyyətinin müavini Rauf Pənahov rəhmətə gedib: "Sentyabrın 20-də Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə onun iş yükü mənə həvalə olunub. Daha sonra icra başçısı Baş nazirin müavini təyin olundu və həmin müvəqqəti sərəncam da ləğv edilmədi. Mən müavin səlahiyyətlərini icra etməmişəm. Çünki Hacıbala Abutalıbov müavin təyin etmək səlahiyyəti yox idi. Ona görə də səhv sərəncam veriib".

Növbəti proses sentyabrın 6-a təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər