Nazirlər Kabinetinin qərarına əsasən II ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə)” ixtisasları ləğv edilib. Həmin ixtisaslar III ixtisas qrupuna keçirilib. Maraqlıdır, bu təhsilin keyfiyyətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən təhsil eksperti Elşən Qafarov hesab edir ki, bu düzgün qərar deyil:
“Mən öz fikrimdə qalıram, Dövlət İmtahan Mərkəzinin (DİM) qrup imtahanlarının formatı doğru deyil. Azərbaycan gənci dünyanın ən şanssız gəncidir ki, bu qrup imtahanları ilə hansı ixtisası, hansı qrupu seçməyindən asılı olmayaraq arzuladığı, hazırlaşdığı, hədəf tutduğu peşəyə çata bilmir. DİM-də struktur dəyişikliyi olmalıdır”.
Təhsil ekspertinin fikrincə, qəbul imtahanları konkret olaraq ixtisaslar üzrə aparılmalıdır: “Bu qərar əslində toplanılanların yerini dəyişəndə cəm dəyişmir prinsipidir. Nəticə etibarı ilə gənclərin peşə seçimində böyük dəyişiklik etməyəcək. Dəyişiklik etmək istəyiriksə, DİM qruplar üzrə imtahanları ləğv etməli və ixtisaslar üzrə imtahanlara keçid etməlidir”.