Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Four Seasons” otelində “Milli üçtərəfli sosial dialoq üzrə institisional strukturun yaradılması” mövzusunda seminar keçirilib.
Tədbirdə məqsəd BƏT-in dəstəyi ilə bir sıra Avropa ölkələrində sosial tərəfdaşlar arasında mövcud olan üçtərəfli komissiyaların fəaliyyəti ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq, ölkəmizdə Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təşkili sahəsində görüləcək işlərin istiqamətlərini müəyyən etmək olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədəki sosial-iqtisadi tərəqqinin davamlı xarakter aldığını və bu proseslərdə sosial partnyorların iştirakının vahid mövqedən və daha sistemli, konkret yanaşmalar əsasında təşkilinin qarşıda duran vəzifələrdən olduğunu vurğulayıb: “Bunun üçün hökumət, həmkarlar və işəgötürənlər arasında sosial tərəfdaşlıq sisteminin institisional struktur vahidi kimi formalaşdırılması, yəni Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması məsələsi gündəlikdədir. Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan Baş Kollektiv Sazişlərdə də belə Komissiyanın yaradılması barədə öhdəlik əksini tapıb”.
S.Müslümov bildirib ki, mütərəqqi dünya təcrübəsində bununla bağlı çoxsaylı nümunələr var: “Avropa İttifaqına üzv dövlətlərin bir çoxunda, o cümlədən Avstriya, Fransa, Belçika, Bolqarıstan, İtaliya, Çexiya, Finlandiya, Litva, Yunanıstan, Macarıstan və s. ölkələrdə, habelə qardaş Türkiyədə, MDB dövlətlərindən Rusiya, Moldova və Ukraynada da belə üçtərəfli komissiyalar mövcuddur. Təbii ki, bu qurumlar öz ölkələrində sosial-iqtisadi siyasətlərin hazırlanması və uğurla icrasına, əmək və sosial hüquqların təmin olunmasına fəal dəstək verirlər”.
Üçtərəfli Komissiyanın əmək münasibətlərinin tərəfləri (dövlət, işəgötürənlər və işçilər) arasında daha səmərəli əlaqələndirmə üçün mühüm vasitə olduğunu bildirən nazir əlavə edib ki, ölkəmizdə hər üç tərəfin yüksək nümayəndəli orqanı var: “Bu orqanlar arasında hər üç ildən bir bağlanan Baş Kollektiv Sazişlərdə onların öhdəlikləri müəyyən edilir. Bu öhdəliklərin daha uğurlu icrası üçün tərəflər arasında əlaqəli fəaliyyətin gücləndirilməsi vacibdir və Üçtərəfli Komissiyanın yaradılması bunun üçün mühüm vasitə olacaq. Komissiyanın yaradılmasında əsas məqsəd ölkədə sоsial-iqtisadi siyasətin aparılmasında razılaşdırılmış ümumi prinsiplərin müəyyən olunması üçün təkliflər verilməsi, sоsial-əmək münasibətlərinin tənzimlənməsi və sоsial sabitliyin daha da möhkəmlənməsi üçün sosial dialoqun inkişafına dəstək verməkdir”.
S.Müslümov bildirib ki, Komissiya kollektiv danışıqların aparılması, növbəti Baş Kollektiv Sazişlərin layihələrinin hazırlanması üzrə işlərin əlaqələndirilməsi, məşğulluq, sosial təminat sahələrində qanunvericilik layihələrinin hazırlanmasında, habelə beynəlxalq əmək normalarının ratifikasiyası və tətbiqində məsləhətləşmələrin aparılması, sosial-əmək münasibətlərinin tənzimlənməsinə yardım edilməsi və s. vəzifələri yerinə yetirəcək. Həmçinin müvafiq beynəlxalq təcrübə öyəniləcək, aidiyyatı beynəlxalq tədbirlərdə tərəflərin iştirakı təmin olunacaq, görüləcək işlər barədə mütəmadi ictimai məlumatlandırma təmin ediləcək: “Qeyd olunan Komissiyanın yaradılması barədə təkmilləşdirilmiş layihə bu ilin avqustunda hökumətə təqdim edilib və hazırda layihənin razılaşdırılması istiqamətində işlər aparılır”.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev müasir dövlət quruculuğu prosesinin geniş vüsət aldığı ölkəmizdə mütərəqqi dünya təcrübəsi əsasında sosial tərəfdaşlıq sahəsində fəaliyyətin təkmilləşdirilməsinin də mühüm vəzifələrdən olduğunu vurğulayıb. E.Mehdiyev vətəndaşların əmək hüquqlarının təminatında birgə səylərin artırılmasına xidmət edəcək Üçtərəfli Komissiyanın nəticə etibarilə korporativ sosial məsuliyyətin formalaşdırılması üçün sosial dialoqun gücləndirilməsində mühüm vasitə olacağını və insanların gələcəkdə layiqli pensiya təminatı hüquqlarına sahib olmalarına da müsbət təsirini göstərəcəyini bildirib.
AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev həmkarlar təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində səylərini artırmağa hazır olduğunu qeyd edib. O bildirib ki, əmək və sosial hüquqların təmin olunmasında sosial tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bunun üçün ən yaxşı alət kimi Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın formalaşdırılması vacibdir. Bu sahədə qabaqcıl dünya təcrübəsindən istifadə edilməsi də məqsədyönlü ola bilər.
ASK-nın Baş katibi Natəvan Məmmədova isə yaradılacaq Komissiyanın Baş Kollektiv Sazişin icrası prosesində işəgötürənlərin də daha fəal iştirakına imkan yaradacağını deyib. N.Məmmədova sosial tərəfdaşlar arasında Üçtərəfli Komissiyanın yaradılmasının bütün tərəflərin yekdil məramı olduğunu və bu yöndə ASK tərəfindən bütün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.
BƏT-in idarəetmə məsələləri üzrə depertament direktorunun müavini Kamran Fənnizadə sosial tərəfdaşlıq əlaqələrinin daha sistemli şəkildə qurulmasının sosial-əmək münasibətlərinin arzuolunan səviyyədə tənzimlənməsi üçün mütərəqqi təcrübədə sınaqdan çıxmış uğurlu vasitə olduğunu bildirib. O, BƏT-in müvafiq Konvensiyalarında da sosial tərəfdaşlığın mütəmadi təbliğ edildiyini, ölkəmizdə üçtərəfli sosial dialoq üzrə institisional strukturun yaradılması prosesinin BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıb.
Seminarda üçtərəfli sosial dialoq üzrə institisional strukturun yaradılması sahəsində beynəlxalq təcrübə, habelə Azərbaycanda üçtərəfli sosial dialoqun mövcud vəziyyəti barədə məlumatlar verilib, yaradılacaq Komissiyanın hüquqi və institisional çərçivəsi, onun təşkili üzrə görüləcək işlər müzakirə olunub.
Müzakirələrin yekunu olaraq, ölkəmizdə Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasının sosial tərəfdaşlar tərəfindən dəstəklənməsi, Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsinin proporsional əsaslarla həyata keçirilməsi ilə bağlı səylərin artırılması, BƏT tərəfindən bu Komissiyanın yaradılması üçün texniki dəstək göstərilməsi barədə yekdilliklə qərar qəbul olunub.
Naibə QURBANOVA