“Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Binəqədi rayonundan olan məktəblilərin Quba-Qusar-Xaçmaz rayonlarına yola salınması mərasimi keçirilib.
Teleqraf.com-un məlumatına görə, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər Rayon İcra Hakimiyyətində yaradılmış qərargah tərəfindən seçilib. Təsdiq olunmuş proqrama əsasən binəqədili yeniyetmələr Quba-Qusar-Xaçmaz rayonlarının görməli yerlərində olacaq, həmin rayonların Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınıb.
Binəqədi rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında baş tutan yola salma mərasimində iştirak edən yeniyetmələr əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar. Mərasimdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva şagirdlərə turun məqsədi barədə məlumat verərək, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi istiqamətində gördüyü işlərdən danışıb, bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün artırılması istiqamətində mühüm töhvə olacağını vurğulayıb.
Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla müvafiq marşrut istiqamətində yola düşüblər.