17 Noyabr 2021 09:14
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə naziri Samir Şərifov bildirib ki, 2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

Maraqlıdır, ayrılan pullar düzgün xərclənirmi? Çatışmazlıqlar hansı sahədə özünü daha çox göstərir?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən təhsil eksperti Kamran Əsədov hesab edir ki, ölkənin ümumi maliyyə xərclərinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin faiz etibari ilə yüksək olmadığı aydınlaşır:

"Azərbaycanda təhsil xərclərinin böyük hissəsini dövlət ödəyir. UNESCO-nun 2020-ci ildə təhsil monitorinqi ilə bağlı hesabatında bildirilir ki, təhsil xərclərinin dörddə üçü dövlət hesabına maliyyələşdirilir. Azərbaycanın da daxil olduğu gəliri aşağı və orta olan ölkələrdən fərqli olaraq qalan hissə isə ev təsərrüfatının üzərinə düşür. Hesabata əsasən, Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-in 2,9 faizini təşkil edir.

Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8, Gürcüstanda 3,8 faizdir. Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir.

Bir məqamı da qeyd edim ki, Azərbaycanda dövlət məktəbəqədər hər bir şagird üçün 4 370 dollar (adambaşına düşən ÜDM-nin 26 faizi), orta təhsil üçün 3 765 dollar (22 faiz), ali təhsil üçün isə 3 972 dollar (23%) xərcləyir. Amma Azərbaycanın ana maliyyə sənədinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin ümumilikdə faiz etibari ilə yüksək olmadığı aydınlaşır. Yəni, investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsil üçün onun üçdə biri nəzərdə tutulur".

Ekspert təhsil sektorunda çalışanların da gəlirlərindən söz açıb: "Son 2 il ərzində təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Lakin daha ciddi islahatlara ehtiyac var. Təhsil sektorunda çalışanların böyük qisminin digər iqtisadi sahələrdə aktiv fəaliyyət imkanlarına sahib olmaması onların əlavə gəlir əldə etməsini azaldır və nəticədə həmin insanların maliyyə təminatı zəif hesab edilir. Çünki müəllimlər təxminən 300 manat məvaciblə ailə büdcələrini formalaşdırdığı halda onlardan keyfiyyət tələb etmək mümkün deyil.

Ölkənin şəhər və kəndlərində son 10 il ərzində 3500-ə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və yenilənməsi istiqamətində də işlər görülüb. Yeni təhsil müəssisələrinin tikintisi zamanı daha çox müasir təhsil standartlarına uyğunluq nəzərə alınıb. Təəssüf ki, hər məktəbin tikintisi zamanı sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı yoxdur. Hesab edirəm ki, təhsil sektorunda investisiya qoyuluşlarının şəffalığının artırılmasına ciddi ehtiyac var".

Kamran Əsədovun fikrincə, ali təhsil müəssisələrinin də fəaliyyətində maliyyə olmalıdır: "Universitetlərin maliyyə hərəkətliliyini görmək olmur. Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri kimi bu sahədə apardığım tədqiqatlar göstərir ki, təhsilə ayrılan dövlət investisiyasından bir çox hallarda səmərəsiz istifadə edirlər. Araşdırmanın nəticələrindən aydın olub ki, eyni ildə, yəni bərabər iqtisadi mühitin diqtəsində ABŞ səfirliyi tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələrində bir şagird yeri üçün orta hesabla 638 manat vəsait xərcləndiyi halda Təhsil Nazirliyinin tikdirdiyi məktəblərdə analoji xərc 3 dəfə çox və ya 1870 manat təşkil edib.

Çıxarılan nəticə ondan ibarətdir ki, hökumət son illər təhsil istiqamətində investisiya xərclərini artırsa da, bu vəsaitlərin xərclənməsi zamanı şəffaflıq və effektivlik təmin edilməyib. Lakin qeyd etmək lazımdır ki, ötən illər ərzində həm ümumtəhsil, həm də məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilmə vəziyyəti əvvəlki illərlə müqayisədə müəyyən qədər yaxşılaşıb.

Dünya təcrübəsindən misal olaraq Türkiyədə parlamentə daxil olan büdcə sənədində bütün universitetlər üzrə proqnozlaşdırılan maliyyənin həcmini görmək olur.

Türkiyə demişkən, bu ölkənin 2019-cu il üzrə büdcə layihəsinə baxıram. Cəmi büdcə xərclərinin 18 faizi təhsilə ayrılacaq və təhsil 1-ci yerdədir. Bizdə bu göstərici 10 faiz ətrafındadır və 3-cü yerdədir. Eyni zamanda Türkiyədə gələn il bütün təhsil xərcərinin 25 faizi universitetlərə gedəcək. Bizdə isə 9 faizdən azdır. Türkiyədə gələnilki cəmi büdcə xərclərinin 5 faizi ali təhsilə gedir, bizdə isə bu göstərici 1,5 faiz ətrafındadır.

Hesab edirəm ki, büdcədən elmə, elmi tədqiqatlara daha çox vəsait ayrılmalıdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər