Xocalı rayon sakini Firudin Ramiz oğlu Alıyev bir qrup vəzifəli şəxs tərəfindən aldadılıb, onun külli miqdarda pulunu ələ keçirilib.
Bu barədə zərərçəkmiş Firudin Alıyev Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova müraciət edib.
O, müraciətin bir nüsxəsini də Teleqraf.com-un redaksiyasına göndərib.
Firudin Alıyev müraciətində qeyd edib ki, dörd nəfər ailə üzvü ilə birlikdə Xocalı rayonundan məcburi köçkün düşüblər və hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində iki otaqlı mənzildə məskunlaşıblar: “Ailə qurmaq yaşımın çatmasına baxmayaraq, mənzilimizin darlığı səbəbindən bunu reallaşdıra bilmirdim. Bu səbəbdən uzun illər boyu topladığımız pulla mənzil almaq üçün axtarışda idik. Bu vəziyyətimizi atam həyətdə söhbət zamanı özünü Zəngilan şəhərciyinin Mənzil Kommunal Sahəsinin rəis müavini kimi təqdim edən İlham Qarayevə bildirib.
Sonradan bizə məlum oldu ki, İlham Qarayev əslində sürücü imiş. O, atama “onsuz da burda yaşayırsan, şəhərcikdə oğluna ev tapa bilərik” deyib. Bir neçə saat keçdikdən sonra İlham Qarayev zəng edərək, bizi görüşə çağırdı. Zəngilan şəhərciyindəki bəzi mənzillərin Qaçqınkomun razılığı ilə pul müqabilində satıldığını və qeydiyyat üçün 5000 manat, mənzil üçün 23 000 manat ödəyəcəyimizi, 5000 manatı əvvəlcədən verməli olduğumuzu bildirdi.
Onun təlimatına uyğun olaraq, bacım və anam 5000 manatı apararaq idarədə Səidə Dünyamalıyevaya MKS-dəki otağında verdilər. Səidə pulu onlardan alıb, müdirin otağına daxil oldu, MKS-in rəisi Yusif Musayevə verdi. 23 000 manat məbləğində pulu isə bu vəzifəli şəxslərin təlimatına əsasən, təqdim etdikləri və öncədən tanımadığımız Samir adlı şəxsə verdik”.
Şikayətçi qeyd edib ki, bundan sonra onunla Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov arasında “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanıb: “Guya Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində 13 nömrəli evdə 51 saylı mənzil mənə ayrıldı. Müqavilə tam rəsmi qaydada, dövlətin rəsmi qurumunun möhürü ilə təsdiqləndiyi üçün heç bir şübhəmiz olmadı. Sonradan belə bir hiylə ilə insanları aldatdıqlarına dair söz-söhbət dolaşdığı üçün sənədlərin kötüyünü yoxlamaq qərarına gəldik.
Məlum oldu ki, bütün bunlar bir oyundur, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində sözügedən mənzil Kəlbəliyev Samir Nizami oğlunun adınadır. Bu şəxslərin bir şəbəkə şəkilində işlədiklərini isə mənə saxta yollarla hazırlayıb bir müqavilə təqdim etməklə pulumu ələ keçirdikləri zaman müəyyən etdim”.
Firudin Alıyevin bildirdiyinə görə, bununla bağlı müvafiq dövlət orqanlarına şikayət edəcəyini söylədikdə Yusif Musayev 5000 manatı geri qaytarıb: “Bundan sonra bildirdi ki, şikayət olunmaması üçün ya ev mənim adıma sənədləşəcək, ya da qalan pul qaytarılacaq. Ancaq sonra o bizimlə əlaqəni kəsdi. Həmin mənzil məndən alındı və MKS-nin arayış üçün nəzərdə tutulan möhürü ilə möhürləndi. Guya yuxarıların qərarı olduğunu və bu məsələnin çox böyüməməsi üçün pulu da geri qaytaracaqlarını bildirdilər”.
Şikayətçi qeyd edib ki, Mənzil Kommunal Sahəsinin keçmiş rəisi Yusif Musayev, əməkdaşı Dünyamalıyeva Səidə Tofiq qızı və əslində sürücü olan, lakin özünü MKS-in rəis müavini kimi təqdim edən İlham Qarayev və onların bu əməlindən məlumatlı olan rəsmi şəxslər, eləcə də Komitədə “Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov qabaqcadan əlbir olublar: “Mən vətəndaş olaraq həmin mənzillərin bir şəxsin adından digər şəxsin adına keçirilməsi qaydasını bilmədiyim üçün bu vəzifəli şəxslərin sözlərinə inanmaq məcburiyyətində qaldım.
Fikrləşdim ki, mən də məcburi köçkünəm, ola bilər ki, mənzil ona ehtiyac olmayan şəxsdən geri alınıb, digər şəxsə verilir. Məni əsas inandıran məqam Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun tərəfindən imzalanmış və möhürlənmiş müqavilənin mənə təqdim edilməsi idi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun bu məsələyə aidiyyəti yoxdursa, onlar dərhal həmin şəxslərlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməli idilər. Əksinə, məsələnin hüquq mühafizə orqanlarından gizlədildiyi faktı var.
Belə olan halda, bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, rəsmi dövlət sənədlərinə bilə-bilə yalan məlumat daxil etməklə tamah niyyəti ilə vəzifə saxtakarlığı formasında cinayət əməli törətdiklərinə dair şübhəm qalmayıb. Sonradan bildim ki, bu şəxslər əvvəllər də bir neçə belə əməl törədib və barələrində tədbir görülür”.
Firudin Alıyevin sözlərinə görə, Cinayət Məcəlləsinin 308-ci maddəsində göstərilir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkibini yaradır: “Həmin Məcəllənin 309-cu maddəsində göstərilir ki, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda vəzifə səlahiyyətlərini aşma cinayət əməlinin tərkibini yaranır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs , tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə vəzifə saxtakarlığı cinayət əməlinin tərkibini yaradır.
Cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasət və həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan uğurlar davamlı xarakter daşıyır. Bunun nəticəsidir ki, müharibədən əziyyət çəkən insanların, o cümlədən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin miqyası ilbəil genişlənir. Son iki il ərzində ölkə ərazisində bütün zəruri sosial-texniki infrastrukturu olan yeni salınmış qəsəbələr istifadəyə verilib.
Məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır şəraitdə, həyat üçün təhlükəli bina və tikililərdə müvəqqəti məskunlaşan ailələrin birinci növbədə yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırıq icra edilir.
Lakin yuxarıda adları qeyd olunan şəxslər vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə özləri üçün birbaşa yolla şəxsən və vasitəçilərdən istifadə etməklə qabaqcadan əlbir olaraq, maddi neməti rüşvət qismində alıb, öz qulluq mövqelərindən sui-istifadə edərək, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törədiblər. Bu isə ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində Cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasətə və məcburi köçkünlərin sosial problemlərinə xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vermiş olduğu tapşırıqlara zidd sayılmalı, bu cür əməlləri törətmiş vəzifəli şəxslər ən ağır şəkildə cəzalanmalıdırlar.
Yuxarıda qeyd olunanları əsas tutaraq, Sizdən illərlə ağır şəraitdə, gecə-gündüz fəhlə işləyib mənzil şəraitimin yaxşılaşdırmaq məqsədilə yığdığımız pulları xüsusi üsullarla ələ keçirən bu şəxslərin saxlanılaraq istintaqa cəlb edilmələri və əməllərinə hüquqi qiymət verilməsini xahiş edirəm”.