Nizami Gəncəvinin yaradıcılığı nə qədər Azərbaycanla bağlıdırsa, o qədər də ümumbəşəri dəyərlərə xidmət edir. Onun yaradıcılığına xas olan ümumbəşəri dəyərlər, xeyirlə şərin mübarizəsi, gözəlliyin tərənnümü, ədalət və ədalətli cəmiyyət problemi bəşəriyyətin bütün xalqlarına xas olan ümumi problemlərdir.
Teleqraf.com xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçirilən Beynəlxalq Forumda deyib.
Əli Əhmədov bildirib ki, Nizami Gəncəvi sadəcə dahi şair, söz ustası deyil, böyük mütəfəkkir və filosofdur:
"Nizami Gəncəvi nəinki mədəniyyətlər, eləcə də, xalqlar arasında da körpü rolunu oynayıb. Onun əsərlərində ayrı-ayrı xalqlar tərənnüm edilib. Bu, eyni zamanda xalqlar arasında dostluq ideyasının tərənnümü idi. O, xalqlar arasında xoşməramlı səfir idi".