Hesab edirəm ki, "Media haqqında" qanun layihəsi qəbul olunmalı və icrasına qərar verilməlidir.
Bunu Teleqraf.com-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, media eksperti Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, elektron media və internet televiziyalarının fəaliyyətinin tənzimlənməsində hüquqi bazanın formalaşdırılması vacibdir:
“22 il əvvəl KİV haqqında qanun qəbul olunub və bu günədək media sahəsində kifayət qədər uğurlu dəyişikliklərin şahidiyik. Elektron medianın tənzimlənməsi yeni layihədə öz əksini tapıb, parlamentin plenar iclasında müzakirə olunub. İnternet resurslarının meydana çıxması ilə media sahəsində özünü göstərən yeni vəziyyətlərlə bağlı məqamların hüquqi, idarəçilik, eləcə də sosial məsuliyyət baxımdan tənzimlənməsi məhz yeni qanun sayəsində mümkün olacaq. KİV-lərin fəaliyyəti müasir inkişaf trendləri ilə uzlaşacaq.
Media ilə bağlı yeni qanun ən müasir dünya standartlarına uyğun hüquqi normativ bazanın yaradılmasına yol açır. KİV-lərin inkişafına əngəl yarada bilən bütün süni məhdudiyyətlər yeni qanunla aradan qalxır, qanunvericilik daha təkmil hala gəlir. Medianın ictimai nəzarət funksiyasının güclənməsinə zəmin yaradılır.
Qanun layihəsində freelancer çalışan jurnalistlərin fəaliyyətində vahid kart sisteminə keçiddən söz açılır. Bu, çox vacib məsələdir. Ölkədə nə qədər jurnalist fəaliyyət göstərir, nə qədər media qurumu var? Bunların mövcudluğu və digər məsələlər kifayət qədər önəm kəsb edir.
"Media haqqında" qanun layihəsinin hazırlanması təqdirəlayiq haldır. Fikrimcə, bu qanun mətbuatın inkişafında yeni uğurlu mərhələnin başlanğıcı olacaq. Ümidvaram ki, yeni qanun mətbuatla bağlı bütün sferaları özündə əks etdirəcək və mətbuatın inkişafına mühüm töhfələr verəcək”.