17 Dekabr 2021 17:31
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi dünyanı ən çox narahat edən və problemə çevrilən COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin birləşdirilməsi və həmrəylik nümayiş etdirilməsi ilə bağlı etdiyi çağırışlarla dünya səviyyəli liderə çevrilib”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinə görə, Azərbaycanın sədrliyinə qədər Qoşulmama Hərəkatında heç vaxt qlobal problemlərlə bağlı indiki kimi aktivlik nümayiş etdirilməyib:

“Cənab Prezidentin sədrliyi bu təşkilata yeni ruh gətirib və dünyadakı problemlərə təsir göstərə biləcək beynəlxalq təşkilata çevirib. Ona görə də Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın bu təşkilata sədrliyini bir il də uzatdı. Qoşulmama Hərəkatının adından Prezident İlham Əliyevin BMT Baş Assambleyasına təqdim etdiyi COVID-19 əleyhinə vaksinlərə ədalətli çıxışı haqqında qətnamə 179 ölkəsi tərəfindən dəstəklənib. BMT Baş Adssambleyasında qəbul olunmuş qətnamənin əleyhinə heç bir dövlətin çıxmaması dövlət başçımızın təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından qaldırılmış bu məsələnin nə qədər aktual və vacib olduğunun göstəricisidir”.

Deputat qeyd edib ki, hazırda dünyada istehsal olunan vaksinlərin 70%-dən çox hissəsi inkişaf etmiş 12 ölkə tərəfindən idxal olunub: “Bəzi ölkələr, hətta öz tələbatlarından iki dəfə çox vaksin idxal edib. Təbii ki, bu, ədalətli yanaşma deyil və belə olan halda qlobal pandemiyaya qarşı uğurlu mübarizə aparmaq mümkün deyil. COVID-19-un kökünü birdəfəlik kəsmək üçün dünyada bütün ölkələrdə vaksinləşmə aparılmalıdır. İqtisadi imkanları dar olan ölkələrə varlı ölkələr yardım etməlidir. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məsələ ilə əlaqədar ianələr olunmalıdır.

Azərbaycan bu istiqamətdə gördüyü işlərə görə dünyaya nümunədir. ÜST-ə 10 milyon dollar ianə, 70-dən çox ölkəyə humanitar yardımlar edib. Bununla yanaşı bir neçə ölkəyə vaksin yardımı göndərib. Bu prosesə bütün dünya qoşulmalıdır. Qəbul olunmuş qətnamə də bu kontekstdən vacibdir".


Müəllif: Yeganə Oqtayqızı