Yanvarın 5-dən etibarən ölkənin ali təhsil müəssisələrində 2021-2022-ci tədris ilinin qış imtahan sessiyası başlayıb. İmtahan sessiyasını izləmək üçün media nümayəndələrinin Azərbaycan Dillər Universitetinə mediaturu təşkil olunub.
Teleqraf.com xəbər verir ki, media nümayəndələri ilə yanaşı millət vəkilləri, təhsil ekspertləri universitetdə imtahan prosesi ilə yaxından tanış olublar.
Universitetin rektoru Kamal Abdulla jurnalistlərə açıqlamasında bildirib ki, imtahan prosesinin yaxından izlənilməsi, belə mediaturların təşkili universitetin potensialının üzə çıxarılmasına öz ciddi köməyini göstərəcək: “Bu görüşləri ənənəvi olaraq keçiririk. İmtahanlar başlayarkən media nümayəndələri, təhsil ekspertləri, tanınmış pedaqoqları, valideynlər şurasının üzvlərini universitetimizə dəvət edir və imtahanların gedişi ilə bağlı fikir mübadiləsi aparırıq. Mənə elə gəlir ki, bu günkü fikir mübadiləsi son dərəcə maraqlı şəraitdə keçdi”.
Millət vəkili Etibar Əliyev imtahan sessiyalarının izlənməsini təqdirəlayiq və vacib hesab edir: “İmtahanların necə keçirildiyi ictimaiyyətə bəlli olmalıdır. Tələbələr arasında imtahanların onları qane edib-etrməməsi, keçirilən dərslərin keyfiyyəti ilə bağlı sorğular təşkil olunmalıdır. İmtahanların yazılı formada təşkili çox yaxşı haldır.
Fikrimcə, bir neçə il əvvəl bir çox ali məktəblərdə imtahanların testlə keçirilməsi tələbələrin düşünmə imkanlarını məhdudlaşdırırdı. İndi isə bir neçə sual qoyulur, tələbə sərbəst şəkildə həmin sualları cavablandırır. Burada imtahan mühiti şəffafdır. Tələbələrin suallara cavab vermələrinə heç bir müdaxilə yoxdur. Tələbələr seçdikləri biletlərdəki suallara sərbəst şəkildə cavab verə bilirlər”.
Qeyd edək ki, 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 5-dən fevralın 5-dək üç növbədə davam edəcək.
Prosesdə imtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə və Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na riayət olunur.
Gün ərzində universitetin hər üç tədris korpusunda 7027 tələbədən 1500 tələbə imtahan verir.