Bu il Kənd Təsərrüfatı Nazirliyi vakansiyaya 302 yer çıxarıb. Tələbələrin və məzunların bir az hərəkət etməsi, yəni tələbənin öz üzərində işləməsi lazımdır. Bu məqamları tələbənin anlamağı lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetində jurnalistlər üçün keçirilən məlumatlandırma sessiyasında universitetin rektoru İbrahim Cəfərov bildirib.
O, valideynlərin ali məktəbdə iştirakı ilə bağlı məsələlərdən danışıb: “Valideynin övlada mane olduğu məqamlar var. Valideyn deyir ki, sən mənə diplom gətir, mən səni istədiyim işə düzəldəcəm. Ancaq sizi əmin edirəm ki, bu gün xarici dillərin birini bilən, müasir dövrün tələblərinə az-çox cavab verən məzunların iş tapmaq problemi olmur”.
İbrahim Cəfərov deyib ki, hazırda kənd təsərrüfatı özünün inkişafının dördüncü mərhələsini yaşayır: “Bu gün Hollandiyada kələmin necə yetişdirildiyinə internetdə tapıb baxa bilməyən kənd təsərrüfatı sahəsinin işçisi geridə qalmış hesab olunur”.
Rektor universitetin çox ciddi beynəlxalq əlaqələrinin mövcud olduğunu bildirib:
"Belə ki, hazırda ADAU-nun 30 ölkənin 100-dən artıq universiteti ilə əlaqələri var. Biz onların bəziləri ilə həddən artıq intensiv işləyirik. Bolqarıstan, Macarıstan, Polşa universitetləri, Türkiyənin 20-dən artıq universiteti ilə çox sıx əməkdaşlığımız var”.