25 Yanvar 2022 09:32
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil nazirinin əmrinə əsasən keçirilən “Düşünən oxucu” müsabiqəsinin “ədəbiyyat siyahısı” müzakirə mövzusuna çevrilib. 30 əcnəbi yazıçının adı olan siyahıya Azərbaycan ədəbiyyatından yalnız 5 ədibin əsəri daxil edilib.

Siyahıya kəskin etiraz edən Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Teleqraf.com-a Təhsil Nazirliyinin məsələ ilə əlaqədar açıqlamasını qənaətbəxş hesab etmədiyini deyib:

“Dərs materiallarında olmayan nümunələrdən istifadə edildiyi bildirilir, amma bu açıqlama məni qane etmədi. Əlbəttə, xarici əsərlər oxumaq vacibdir. Mən özüm də xaricdə, Moskvada təhsil almışam və dünya ədəbiyyatına bələdəm. Təbii olaraq mənim də bəhrələndiyim yazıçılar olub, ancaq bizim də kifayət qədər düşünən və düşündürən yazıçılarımız var. Diqqət etdikdə görürük ki, bu siyahıda sadəcə 3 dastan, 1 klassika və 1 uşaq ədəbiyyatına aid əsər var.

Bunlara da hörmətlə yanaşıram. Azərbaycanın müasir ədəbiyyatının kifayət qədər sanballı nümayəndələri var. Sadəcə olaraq bu adamlar ədəbiyyatdan xəbərsizdir. Hazırda Azərbaycanda kifayət qədər yazıçı və şair var ki, dünya çapına çıxmağa layiqdirlər. Nə üçün Cəlil Məmmədquluzadə kimi bir nəhəngin əsərləri siyahıda yoxdur? Burada söhbət uşaq ədəbiyyatından getmir, əgər getsə belə burada Azərbaycan müəllifləri mütləq yer almalıdır. Şəxsən mən siyahıda beş əsərin olması ilə razılaşa bilmərəm”.

Elçin Hüseynbəyli hesab edir ki, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, müasir yazıçılardan isə Anar, Elçin Əfəndiyev və daha bir çox isimlər siyahıya əlavə edilməli idi.

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov bildirib ki, bu cür müsabiqələr gənclərimizin mütaliəsi üçün çox faydalıdır: “Bu layihədə təqdim olunan əsərlərə gəlincə, düşünürəm ki, bizim son illərdə o qədər də uğurlu əsərlərimiz nəşr edilməyib. Son günlərdə ərsəyə gətirilmiş əsərlərdən şagirdlərimizin düşüncə tərzinə və inkişafına təsir edə biləcək nümunələr yoxdur. Etiraz etmək asandır, lakin bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, qınamaq o qədər də düzgün deyil. Reallıq budur ki, son 30 ildə şagirdlərin dünyagörüşünü artıracaq əsərlər yazılmayıb.

Yazıçılar etiraz etməmişdən öncə şagirdlərimizin inkişafına müsbət təsir edə biləcək əsərlər yazıb yaratsınlar”.


Müəllif: Fatimə Əlixanlı