20 Noyabr 2014 11:25
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sırf antiazərbaycan ritorikası ilə tanınan Avropa Sabitlik Təşəbbüsü qeyri-hökumət təşkilatı 14 noyabr 2014-cü ildə yeni material hazırlayıb. Bu dəfə də bu təşkilat öz ənənəsinə sadiq qalıb. Amma bu dəfə həmin təşkilatın qəzəbinə tək Azərbaycan hakimiyyəti deyil, eyni zamanda Azərbaycanla bağlı məsələlərdə heç bir mövqe bildirməyən və ya tarazlaşdırılmış mövqe nümayiş etdirən təşkilatlar və Avropa təşkilatlarının rəsmi nümayəndələri tuş gəliblər.

Avropa Sabitlik Təşəbbüsü təşkilatı hazırladığı materialda 2014-cü ilin may-noyabr ayları ərzində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrü xarakterizə edərək yazır ki, “ümumiyyətlə, son hadisələr Strasburqda Avropa Şurasını cəfəngiyyatın siyasi tamaşası üçün səhnəyə çevirib”. Material müəllifləri öz iddialarını sübuta yetirmək üçün Anar Məmmədlinin may ayında 5 il müddətinə mühakimə edilməsini misal göstərir və qəzəblə vurğulayır ki, “bu günə qədər nə AŞ Nazirlər Komitəsi, nə də AŞ Baş Katibi, Norveçin keçmiş baş naziri Torbyörn Yaqland onu qeyd-şərtsiz azad etməyə çağırmayıb”.

Material müəllifləri öz qəzəblərini cilovlaya bilməmiş, Azərbaycan hakimiyyətinin onların əsassız və qərəzli iddialarına məhəl qoymadığını anlayaraq ürəklərini soyutmaq məqsədilə bu dəfə AŞ Baş Katibi cənab Yaqlandı əsas hədəf kimi seçmişlər. Onlar cənab Yaqlandın “Guardian” qəzetində çap olunmuş məqalədə Azərbaycanı “köməyə ehtiyacı olan gənc demokratiya” kimi təsvir etməsinə görə daha da hiddətlənmişlər. Bu azmış kimi Avropa Sabitlik Təşəbbüsü təşkilatının üzdəniraq ekspertləri cənab Yaqlandın “biz Azərbaycanda insan hüquqları müdafiəçilərinə qarşı bir neçə məhkəmə işini yaxından izləyirik” ifadəsinə irad tutaraq, bunun əksinə olaraq “bu məhkəmələri və ədalətin bu kimi təhrifi hallarını dayandırmağa” çağırmalı olduğunu vurğulamışlar.

Göründüyü kimi, Avropa Sabitlik Təşəbbüsü təşkilatı açıq-aşkar Azərbaycanla bağlı hər hansı pozitiv deyil, neytral xarakterli fikrin belə ifadə edilməsini qəbul etmir. Onların qaldırdıqları məsələlər (süni şəkildə şişirdilməsindən və ya real olaraq mövcudluğundan asılı olmayaraq) birmənalı şəkildə hüquqi müstəvidə həll olunmalıdır, onlar isə Azərbaycan hakimiyyətinə təzyiq formasında bu məsələni həll etməyə çağırır. Avropa Sabitlik Təşəbbüsü təşkilatının fikrincə, hazırlanmış materialda əks etdirilmiş hər bir iddia mütləq xarakter daşıyır. Bu təşkilat hesab edir ki, hüquqa zidd əməllərinə görə mühakimə edilmiş QHT fəalları heç bir məhkəmə qərarına məhəl qoymadan azad edilməlidir, bunun üçün hər hansı hüquqi prosedurlara əməl etməyə ehtiyac yoxdur. Bir sözlə, Avropa Sabitlik Təşəbbüsü təşkilatı özünü sonuncu instansiya hesab edir. Bu təşkilat hesab edir ki, onun iddiaları və tələbləri elə hüququn özüdür, bu iddialar məhkəmələrin, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından da səlahiyyətlidir.

Avropa Sabitlik Təşəbbüsü təşkilatı İnsan Hüquqları Məsələləri üzrə yeni İşçi Qrupuna münasibət bildirməyi də unutmayıb. Materialda bu İşçi Qrupunun yenidən yaradılması barədə cənab Yaqlandın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə əldə etdiyi razılığı xatırladaraq, onun tərkibinin “insan hüquqları müdafiəçiləri, parlamentarilər, prezident administrasiyasının rəsmiləri və Avropa Şurasının ekspertindən ibarət olması” bildirilir. Material müəllifləri daha da uzağa gedərək “Azərbaycan hakimiyyətinin təsis etdiyi bu qrupa əsasən hazırki siyasi məhbuslara qarşı qərəzli ictimai kampaniyalarla seçilən “fəallar”ın daxil” olduğunu iddia edirlər.

Hadisələrin əsl mahiyyəti üzrə deyil, əvvəlcədən proqramlaşdırılmış məqsədlərə çatmaq üçün çıxış edən müəlliflər yeni yaradılan İşçi Qrupuna hazırki siyasi məhbuslara qarşı qərəzli ictimai kampaniyalarla seçilən “fəallar”ın daxil” olması barədə iddiaları ilə beynəlxalq ictimaiyyəti məqsədyönlü şəkildə aldatmışdır və buna görə heç bir vicdan əzabı çəkmək fikrində deyil. Belə ki, Avropa Sabitlik Təşəbbüsü təşkilatı çox gözəl bilir ki, 2005-2010-cu illərdə fəaliyyət göstərmiş İşçi Qrupunun üzvləri tanınmış QHT nümayəndələri olmuşlar. Onların əksəriyyəti yeni yaradılmış İşçi Qrupunun da üzvləridir. Bu sıradan Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, Zalihə Tahirova, Sahib Məmmədov və digərlərini qeyd etmək olar. Bu QHT nümayəndələrinin səyləri sayəsində qeyd edilən müddət ərzində bir çox məhbuslar müxtəlif hüquqi mexanizmlərdən istifadə edərək, o cümlədən əfv olunaraq azadlığa çıxmışlar. Odur ki, belə insanların qərəzli ictimai kampaniyalarla seçilməsi barədə iddialar ən yaxşı halda riyakarlıqdır.

Digər tərəfdən, İnsan Hüquqları Məsələləri üzrə yeni İşçi Qrupunun yaradılması Azərbaycan hakimiyyətinin dialoqa hazır olması, insan hüquqları sahəsində mövcud problemləri həll etmək niyyətini ortaya qoyması, bunun üçün tanınmış QHT nümayəndələri və Avropa Şurası nümayəndəsinin iştirakı ilə hazırlanmış tövsiyələri yerinə yetirmək əzmini ortaya qoyur. Bu sahədə qəbul ediləcək qərarların operativliyini təmin etmək məqsədilə İşçi Qrupunun insan hüquqlarının vəziyyətinə dair monitorinqlər keçirməsinə istənilən şəraitin yaradılması isə təqdirəlayiq haldır. Beləliklə, siyasi məhbus məsələsi hüquqi məsələ olması səbəbindən İşçi Qrupu hər hansı siyasi məhbus siyahısı ilə məşğul olmamalıdır və bu, məhkəmə, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin səlahiyyətində olan məsələdir.
Lakin Avropa Sabitlik Təşəbbüsü təşkilatı üçün bu məqamlar qətiyyən maraqlı deyil, bu təşkilat əvvəlcədən proqramlaşdırılmış məqsədlərinə uyğun olaraq mövcud məsələlərin obyektiv həlli istiqamətində atılan istənilən addıma qarşı çıxır və siyasi müstəvidə müzakirələr doğuran hüquqi məsələlərin məhz hüquqi müstəvidə həllini məqbul saymır. Bu baxımdan iyunun 24-də Baş Katib Torbyörn Yaqlandın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı siyasi məhbus məsələsində son sözün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verilməli olduğu barədə fikri Avropa Sabitlik Təşəbbüsü təşkilatını özündən çıxarıb. Bu təşkilat belə cəhdlərə görə AŞPA-nı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsini və katibliyi günahkar sayır. Avropa Sabitlik Təşəbbüsü təşkilatı ümumiyyətlə hazırladığı materialda açıq-aşkar Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarında nəzərdə tutulmuş insan hüquqları və əsas azadlıqların pozulması hallarının qiymətləndirilməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müstəsna səlahiyyətlərinə aid olmasına qarşı çıxır.

Qeyd edilənlərlə bağlı vurğulamaq istərdim ki, siyasi məhbus məsələsi hüquqi məsələdir və öz həllini hüquqi müstəvidə tapmalıdır. Odur ki, Avropa Sabitlik Təşəbbüsü təşkilatı öz məqaləsində cənab Yaqlanda istinadən dediyi kimi, mən də cənab Yaqlandın siyasi məhbus məsələsində son sözün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verilməli olduğu barədə fikrini tam dəstəkləyirəm.

Bu təşkilat hazırladığı materialın sonunda maraqlı və, zənnimcə, təhlükəli çağırış edir: “Hərəkət etmək vaxtıdır. Həmişəki tədbirlər artıq çıxış yolu deyil”. Görəsən belə bir çağırış etməklə və həmişəki tədbirlərin vaxtının keçdiyini, onların çıxış yolu olmadığını vurğulayan bu təşkilat hansı hərəkətlərin vaxtı olduğunu nəzərdə tutur?

Biz yalnız məntiqi yolla bu çağırışın mahiyyətinə aydınlıq gətirə bilərik. Belə ki, insan hüquqları və əsas azadlıqların pozulması hallarının qiymətləndirilməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin səlahiyyətlərinə aid olmasına qarşı çıxan, Avropanın fundamental dəyərlərindən biri olan hüququn aliliyi prinsipinə hörmətsizlik nümayiş etdirən və konkret hüquq pozuntuları törətdilkərinə görə mühakimə edilən şəxslərin hər hansı hüquqi prosedurlara məhəl qoymadan dərhal azadlığa buraxılmasını tələb edən bu təşkilat hansı hərəkətlərə çağırış edə bilər? - Yalnız iğtişaşlara. Beləliklə, Avropa Sabitlik Təşəbbüsü təşkilatının əvvəlcədən proqramlaşdırılmış məqsədləri aydın olur: Azərbaycanda siyasi sabitliyi pozmaq, iğtişaşlar yaratmaq. Amma bu təkilat və onun ideoloqları başa düşməlidirlər ki, Azərbaycan cəmiyyətini belə çağırışlarla aldatmaq qeyri-mümkündür. Belə ki, beynəlxalq təşkilatların, o cümlədən Avropa Sabitlik Təşəbbüsü təşkilatının ölkədə insan hüquqlarının vəziyyətinin pisləşməsi və siyasi məhbusların olması iddiaları ilə Azərbaycana təzyiqlər etməsi cəhdlərinin arxasında bir məqsəd dayanır: Ermənistan təcavüzünə xidmət etmək və Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi istiqamətində səylərdən diqqətini yayındırmaq. Artıq Azərbaycan xalqı bunu çox gözəl anlayır.

Elxan Süleymanov,
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü


Müəllif:

Oxşar xəbərlər