“AMEA-da islahatlar məqsədilə komissiyalar yaradılıb”.
Teleqraf.com xəbər verir ki, bunu "Report"a Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya elmləri doktoru Həsən Babayev bildirib.
Alim islahatların yalnız inkişafa xidmət etdiyini vurğulayıb.
H.Babayev aparılan islahatlarla bağlı bir neçə təklif də irəli sürüb:
“İnstitutların rəhbərliyinə baş və icraçı direktorlar seçilən zaman baş direktorların daha çox idarəedici, lider xüsusiyyətlərinə sahib olması, iqtisadi sahədə böyük təcrübəyə malik olması, icraçı direktorların isə elmdə böyük uğur qazanmış şəxslərdən seçilməsi müəssisənin fəaliyyətinin daha səmərəli qurulmasına imkan verəcək. İkinci təklifim ondan ibarətdir ki, direktorlar müddətli seçilməli, onlara 2 dəfədən artıq direktor seçilmək imkanı verilməməlidir. Bundan başqa, mütəmadi olaraq elmi tədqiqatçıların fəaliyyətinin attestasiyası aparılmalı və attestasiya komissiyası öz işini ədalət prinsipi üzrə qurmalıdır. Həmçinin dissertasiya mövzuları dövlət tərəfindən müəyyən edilməli, uyğun istiqamətlərdə mövzular müvafiq institutlara yönləndirilməli, daha sonra bu istiqamətdə tədqiqat aparan şəxslər müəyyənləşdirilməlidir”.
İcraçı direktor vurğulayıb ki, qeyd olunan problemlər öz həllini taparsa, Azərbaycan elmində böyük nailiyyətlərə imza atmaq mümkündür.
H.Babayev Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi, elm sahəsində də müəyyən problemlərin özünü göstərməyə başladığını qeyd edərək bunun əsas səbəbinin həmin dövrdə yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar olduğunu diqqətə çatdırıb. İcraçı direktorun sözlərinə görə, bu dövrdə alimlərimizin bir qismi maddi ehtiyac səbəbindən Akademiya əməkdaşları sırasından ayrılıb, bir qismi xarici ölkələrə üz tutub. Yanız az bir qismi AMEA-da fəaliyyətini davam etdirərək elmi tədqiqatlar aparıblar. Məhz bu səbəbdən uzun illər elmimizdə böyük irəliləyiş əldə olunmayıb, dünya elmi qarşısında böyük geriləmə müşahidə olunub. Bu da öz növbəsində AMEA əməkdaşları arasında böyük məyusluq yaradıb.
H.Babayev bildirib ki, aparılan islahatlar nəticəsində bir sıra müəssisələrdə aşkar olunan pozuntular aradan qaldırılıb, rəhbərlik dəyişdirilib.