9 Fevral 2022 17:02
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

1947-ci ildə Avropadan Ankaraya qayıdan Məhəmmədəmin Rəsulzadənin həyat yoldaşı ilə birgə qonaq getdiyi, dərdləşdiyi bir neçə ailə vardı. Onlardan Ataman və Toker ailəsi ən yaxın olanlardı.

Toker ailəsinin başçısı Həmdi bəy 1900-cü ildə Axısqada doğulub. Dədəsi Axalkələk əşraflarından Ərdəhan sancaqbəyi olan Abbas Bəyzadədir. Atası İskəndər bəy hüquqşünas idi. Anasının adı Günəş olub. Həmdi bəyin dörd qardaşı, bir bacısı vardı. Atası İskəndər bəy və qardaşı Ramiz 1918-ci ildə Axalkələk və Qarsdakı qarışıq dövrdə erməni silahlıları tərəfindən qətlə yetiriliblər.

Həmdi bəy ilk təhsilini Axalkələkdə, lisey təhsilini isə Qoridə alıb. Lisey tələbəsi ikən Bakı Cəmiyyəti-Xeyriyyəsində könüllü olaraq çalışıb, I Dünya müharibəsinin sonlarında erməni zülmü nəticəsində ağır vəziyyətdə yaşayan Sarıqamış və Qarsın türk-müsəlman əhalisinə yemək və paltar daşıyıb.

Böyük qardaşı Behcət bəy 1922-1925-ci illərdə Türkiyənin Bakı və Moskva səfirliklərində çalışıb. Qardaşının Rusiyada olmasından istifadə edən Həmdi bəy ali təhsilini bu ölkədə alıb, 1926-cı ildə Moskva Dövlət Universitetinin İctimaiyyət Fakültəsinin İqtisad şöbəsindən, həmçinin Moskvadakı Lazarev Şərq Dilləri İnstitutundan məzun olub.

Həmdi bəy 1929-cu ildə axısqalı Munirə xanımla ailə həyatı qurub. Həmin il Batum yolu ilə iki qardaşı və bacısı ilə birgə Türkiyəyə gəliblər. Qardaşı Behcət bəy də səfirlikdəki vəzifəsi bitdiyi üçün artıq geri qayıtmışdı.

Türkiyəyə gəldikdən sonra Həmdi bəy 1935-ci ilədək qardaşları ilə birgə ticarətlə məşğul olub. İqtisadi krizisin geniş yayıldığı o illərdə ticarət həyatını tərk edərək aldığı təhsil üzrə çalışmağa başlayıb. 1935-ci ilin sentyabr ayında Həmdi bəy Türk Dil Qurumunda vəzifə alıb. Mustafa Kamal Atatürkün türk dilinə və tarixinə böyük önəm verdiyi o illərdə Həmdi bəy böyük həvəslə çalışıb, 1940-cı ilədək müxtəlif tədqiqatlar aparıb.

Həmin illərdə Türkiyə-Rusiya münasibətləri də yüksək səviyyədə idi. Buna görə də Moskvada təhsil alan Həmdi bəy hökumətin diqqətini çəkmişdi. Baş nazir Refik Saydamın göstərişi ilə Əmniyyət Genəl Müdirliyində Sovet nəşrlərini tədqiq və təqib etmək üçün işə başlayıb. Bu vəzifədə iki il çalışıb.

1940-cı ildə Həmdi bəy Ticarət nazirliyinə keçib. On il müddətində nazirliyin xarici ticarət dairəsində ixaracat baş məruzəçisi olaraq çalışıb. Ardınca Sənaye nazirliyində şöbə müdiri olub. 1954-1967-ci illərdə Dəmir Polad İşlətmələri Ankara bürosunda müdir müavini, daha sonra müdir kimi çalışıb. 1967-ci ilin yanvarında təqaüdə çıxıb.

1967-ci ildən 1971-ci ilin iyul ayına qədər İskəndərun Dəmir Çelik İşlətmələrinin Ankara bürosunda mütəxəssis kimi çalışıb. Səhhətindəki problemlərə görə sonuncu iş yerindən ayrılıb.

Həmdi bəy 1973-cü il iyunun 5-də beyin damarlarının kalsifikasiyası nəticəsində vəfat edib. Ankarada Karşıyaka məzarlığında dəfn olunub.

Həmdi bəyin qızı Suna xanım Ankara Dil və Tarix, Coğrafiya fakultəsinin ingilis dili bölümündən məzun olub. Ertuğrul Baydar ilə ailə həyatı quran Suna xanımın Ayşegül adlı qızı olub.

Həmdi bəyin digər qardaşı Zahid bəy mühəndis olub.

1949-cu ildə Rəsulzadənin fəxri sədrliyi ilə qurulan Azərbaycan Kültür Dərnəyində Həmdi bəy də təmsil olunub, dərnəyə maddi-mənəvi kömək olub.

Toker ailəsinin Rəsulzadə ilə bir fotoşəkli günümüzə çatıb. 1950-ci il aprelin 7-də Həmid Atamanın qızı Turunc Atamanın iki yaşının qeyd edilməsi münasibətilə yaxın dostlar Ataman ailəsinin evinə toplaşıblar. Ankarada çəkilmiş bu fotoşəkildə bu şəxslər yer alıblar: Soldan: 1) Məhəmmədəmin Rəsulzadə, 2) Leyla xanım Rəsulzadə, 3) Münirə Tokər, 4) Sona Tokər-Baydar, 5) Həmdi Toker

Qaynaq: “Azerbaycan” jurnalı, sayı 206, 1973


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər