“Açıq mikrofon" aksiyasının əsas məqsədlərindən biri də sahibkarlıq subyektərinə Birliyin səlahiyyətləri çərçivəsində lazımi dəstəyin verilməsidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Xaçmaz sahibkarları ilə keçirilən görüş zamanı bildirib.
"Açıq mikrofon" aksiyasında Xaçmaz Regional qaz istismarı İdarəsinin və Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri sahibkarların problemlərini dinləyiblər. Çıxış edən sahibkarlar qaz xəttinin yerinin dəyişdirilməsi, qeyri-yaşayış sahəsinin qazlaşdırılması və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Birliyin müvafiq struktur bölmələrinin rəhbər şəxsləri tərəfindən daxil olan müraciətlərlə bağlı sahibkarlara müvafiq izahatlar verilib.
"Səyyar qəbul otağı”nın imkanlarından sahibkarlarla yanaşı, adi vətəndaşlar da yararlanıblar. Xaçmaz rayonunun Müşfiq kənd sakini Veysəl Məmmədov yaşadığı ərazidə küçə qaz xəttinin olmadığını bildirərək bu məsələdə köməklik edilməsini xahiş edib. Bütün müraciətlər qeydiyyata alınıb. Xaçmaz Regional qaz istismarı İdarəsinin səlahiyyətləri çərçivəsində həlli mümkün olan müraciətlərin həllinə dair yerindəcə tapşırıq verilib. Sahibkarlar da öz növbələrində onlara şikayət və təkliflərini səsləndirmək üçün yaradılan bu şəraitə görə Birlik rəhbərliyinə təşəkkür ediblər.