7 May 2014 13:02
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “Gəzən kitabxana” layihəsinin ikinci mərhələsinə start verilib.

Teleqraf.com-un məlumatına görə, ATGTİ-nin ən irimiqyaslı layihələrindən biri olan “Gəzən kitabxana” layihəsi Azərbaqycanın bütün rayonlarını gəzəndən sonra Bakıya qayıdacaq. Bu günə qədər Qazax, Tovuz, Quba, Lənkəran, Astara, Cəlilabad, Gəncə və Mingəçevirdə olan “Gəzən kitabxana” bu il başqa rayonlara da səfər edəcək.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, 2013-cü ildən başladılan bu layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Əsas məqsəd bölgələrdə oxucu kütləsini maarifləndirmək, onlara yeni nəşr olunmuş ədəbiyyatımızla, Azərbaycan, eyni zamanda dünya miqyasında tanınmış klassiklərin əsərləri ilə tanış olmağa şərait yaratmaqdır.

“Keçən il layihə çox uğurla həyata keçirildi və belə qərara gəldik ki, layihəni bu il də favam etdirək. Bu gün başlayan layihə təxminən noyabr ayına qədər davam edəcək və ən azı 15 şəhər və rayonu əhatə edəcək”- deyə, nazir müavini qeyd edib.

ATGTİ sədri Şahin İsmayılovun sözlərinə görə, “Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 10 minə yaxın kitab və bir o qədər də elektron nəşr var. Kitabsevərlərə pulsuz xidmət göstərən kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib.

Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada üç dildə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə də təchiz olunub.

Babək Cahandarov


Müəllif: