28 Mart 2022 11:03
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək.

Bu barədə Teleqraf.com-a mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, A.Mütəllibov uzunsürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləyib. 1974-cü ildən "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.

1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.

1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. O, 1992-ci il martın 6-da vəzifəsindən istefa verib.

Həmin vaxtdan etibarən - 1992-ci ildən 2012-ci ilə qədər Rusiyanın paytaxtı Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər