Noyabrın 24-dən etibarən Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzində tranzit, sürətli rəsmiləşdirmə mövzusunda Türkiyə təcrübəsinin öyrənilməsinə dair seminar öz işinə başlayıb. Teleqraf.com-un məlumatına görə, seminarda Türkiyədən dəvət olunan mütəxəssislər Azərbaycan gömrükçülərinə “Ortaq Tranzit”, “Yeni komputerləşdirilmiş tranzit sistemindən (NCTS) istifadə qaydaları” və “Sürətli Karqo” sistemi haqqında məlumat verirlər.
Seminarın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov müzakirə olunacaq sistemin tətbiqinin ticarətin asanlaşdırılması və sadələşdirilməsində, risklərin azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, Avropada tətbiq olunan bu sistemin artıq Türkiyə tərəfindən öyrənildiyini və yaxın vaxtlarda reallaşdırılacağını qeyd edib. Türkiyədən gələn qonaqları salamlayan Komitə sədrinin müavini yeni sistemin öyrənilməsi istiqamətində Türkiyə Gömrük Xidmətinə göstərdiyi dəstəyə görə minnətdarlığını çatdırıb.
Daha sonra Türkiyə Gömrük Xidmətinin əməkdaşı Mehmet Uylukçu Ortaq Tranzit Sistemi haqqında məlumat verərək söyləyib ki, sistemin tətbiqi daşinma xərclərinin azalması, vaxta qənaət edilməsi, ticarətin asanlaşdırılması və sadələşdirilməsi, qaçaqmalçılıqla mübarizədə müsbət rol oynayacaq. Xatırladaq ki, beş gün davam edəcək seminarda iştirakçılara Ortaq Tranzit Sistemində bəyannamələrin elektron variantda necə veriməsi və onun faydaları, “Sürətli Karqo “ və s. mövzularda ətraflı məlumat veriləcək.
Naibə QURBANOVA