Yolçu Xanvəli: "Cərimələr artırılacaq"
Bu günlərdə Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklik edilməsi ilə bağlı qərarını açıqladı. Qərara əsasən, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na 22.1-1-ci bəndi əlavə edilib. Həmin əlavəyə görə, ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir.
"Nəzarət gücləndiriləcək"
Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli qeyd edib ki, məhsulların satışı prosesi standartlara cavab vermədikdə cərimələr tətbiq olunur: "Satış ticarətinin bizə aidiyyəti yoxdur. Bazarda, yarmarkada satışa çıxarılan balıqlara hər zaman tam nəzarət edilib. Bu qərardan sonra da nəzarət davam etdiriləcək. Satış zamanı standartlara cavab verməyən ən kiçik məqama görə belə, cərimələr tətbiq olunur. Bunun üçün də İnzibati Xətalar Məcəlləsi var. Bu məcəlləyə əsasən, sanitariya tələblərinə cavab verməyən, xəstəlik yayma məqsədi ilə gətirilən məhsullara görə fiziki şəxslərə 22 manat, hüquqi şəxslərə isə150 manat cərimə tətbiq olunur".
"Yararsız balıqlar məhv edilir"
Y.Xanvəli əlavə edib ki, cərimələrin artırılması üçün Dövlət Baytarlıq Xidməti müvafiq qurumlara müraciətlər ünvanlayıb: "Cərimələrin artırılması barədə aidiyyəti qurumlara, Ədliyyə Nazirliyinə və digər orqanlara Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müraciətlər olunub. Hazırda bu məsələyə baxılır. Güman edirik ki, İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə baytarlıq cəhətdən tələblərə cavab verməyən, xəstə məhsulların satışını həyata keçirən, qeyri-qanuni emalla məşğul olan şəxslərə tətbiq edilən cərimələr artırılacaq. Ümumiyyətlə, əgər istehlakçılara təklif edilən balıqların yararsız olması aşkarlanarsa, satılmaması üçün onlar başqa bir yerə aparılaraq zərərsizləşdirilib, məhv edilir".
"Belə balıqları almamalıdırlar"
Mətbuat xidmətinin rəhbəri qeyd etdi ki, diri balığın satışına da nəzarət gücləndiriləcək: "Balığın satılması üçün mülkiyyətçi bütün şəraiti yaratmalıdır. Soyuducuların təşkili, baytar həkimlərin nəzarəti də bu sıradandır. Küçələrdə pərakəndə şəkildə, nəzarətdən kənar yerlərdə balıq satışının qarşısı alınmalıdır. Bundan sonra diri balığın satışında da nəzarət gücləndiriləcək. Balıq məhsulları tez xarab olduğuna görə vətəndaşların da küçə və kənar məntəqələrdə satılan balıqları almamaları məsləhətdir. Hər hansı bir vannada və ya digər şəraiti olmayan yerlərdə diri balıqların satışı qadağan edilir. Nazirlər kabinetinin qərarı bu işə xüsusi olaraq önəm verir. Əgər diri balıq satılırsa, onun üçün xüsusi akvariumlar olmalıdır. Suyu gündəlik dəyişdirilməklə sanitariya normalarına əməl olunmalıdır".
Balıq satışı ilə bağlı standartlar
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, Komitənin balıq satışı ilə bağlı konkret standartları yoxdur: "Bu Nazirlər Kabinetinin qərarıdır. Balığın satışı ilə bağlı hər hansı bir standart mövcud deyil. Balığın təzə və yaxud da köhnə olmasından söhbət gedə bilər. Ona da nəzarət baytarlıq xidməti həyata keçirməlidir".
"Balıqlar hər gün yoxlanılır"
Məsələ ilə bağlı bazarlarda açıq şəkildə balıq satan şəxslərin də fikirlərini öyrəndik. Onlar bildirdilər ki, yeni qaydalar tətbiq olunmadan öncə də hər gün balıqlar yoxlamalardan keçirilirdi: "Biz, demək olar ki, hər gün təzə balıqlar gətirib bazarda satırıq. Günün sonunadək balıqları satıb qurtarırıq. Yəni bizdə köhnə balıqlar qalmır. Yeni qaydalar tətbiq olunmadan öncə də hər gün balıqlar yoxlamadan keçirilirdi. Hazırda da balıqlarımız yoxlamadan keçirilib və bu sənədlərin hamısı əlimizdədir".
"Bəs günün sonunda balıq qaldıqda onu harada saxlayırsız?" sualına isə "Hazırda qış olduğu üçün balıqları çöldə saxlayırıq, amma yay aylarında soyuduculara yerləşdiririk" cavabını aldıq.
İlhamə