23 Aprel 2022 12:02
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı sabiq baş nazir Pənah Hüseyndir.

Onunla müsahibəni təqdim edirik.

- Pənah bəy, sonuncu dəfə hansı kitabı oxumusunuz?

- Mən hər gün mütaliə edirəm. Bunlar qəzet materialları da ola bilər, kitablar da. Amma sonuncu dəfə "Atatürkün nutukunda panislamizm və panturanizm" haqqında hissələr oxudum. Böyük kitabdır, hamısını oxudum desəm, doğru olmaz.

- O zaman siyasi məzmunlu kitablar oxuyursunuz?

- Adətən siyasi xarakterli, geopolitik kitablara baxıram.

Son illərdə kitabları internetdən oxuyuram. Hətta özüm üçün kompüterdə onlayn kitabxana yaratmışam. İstər xarici ədəbiyyat, istər yerli ədəbiyyatın onlayn variantını oraya toplamışam.

Əsasən rus dilində kitablar oxuyuram. Rusların "Академик книга" portalına abunəyəm. Oradan hər gün elektron kitabxanam 10-15 kitabla zənginləşir.

- Kitab mağazalarına gedirsiniz?

- Əlbəttə. Ümumiyyətlə, kitab almağı sevirəm. 2009-cu ildə Vyanada səfərdə idim. Orada Müqəddəs Mariya prospekti var, ən mərkəzi və qiymətlərin qismən bahalı olduğu küçədir. Orada 14 kitab mağazası saymışdım. Vyanada kitab mağazalarına daxil olanda içi alıcı ilə dolu idi. Bizdə o mənzərəni görə bilmirik. Maddi vəziyyətlə əlaqədar kassaya yaxınlaşan azdır. O vaxt adını çəkdiyim mağazaların bir çoxu Azəbaycanda hələ açılmamışdı. Son 10-12 ildə ölkəmizdə müasir kitab mağazalarının açılması sevindirici haldır.

- Ölkədəki kitab mağazalarının sayı sizi qane edir?

- Hesab edirəm ki, kifayət qədər kitab mağazaları var. İngilis, Fransız, türk dillərində kitablar çoxdur. Düşünürəm ki, bu kitablar alındığı üçün çap olunur. Əvvəl güman edirdim ki, elektron kitablar, audio kitablar ənənəvi kitabları dövriyyədən çıxaracaq. Düşünürəm ki, elektron variant kağız kitabı əvəz edə bilməz. Baxmayaraq ki, kiçik kompüterə saysız kitab yerləşdirə bilirsən. Amma emosional baxımdan, mənim üçün elektron kitablar ənənəvi kitabları əvəz etmir.

- "Azərkitab" fəaliyyətini dayandırdı və yerində restoran açılır. Buna münasibətinizi öyrənmək istəyirəm.

- Bəli, mən də bununla bağlı xəbərləri izlədim. Mağazanın bağlanmasına etiraz olaraq yazıçıların müraciətlərinə də baxdım. Xoşagəlməz hadisədir. Təəssüf ki, bağlandı... İlk dəfədir ki, hansısa kitab mağazasının bağlanmasının şahidi oldum. Böyük bir obyektdir, yəqin ki, aylıq icarə haqqı ödənilə bilməyib. Düşünürəm ki, hansısa formada onlara güzəştli şərtlərlə fəaliyyətini davam etdirməyə icazə verilsə, yaxşı olardı. Eşitdiyimə görə, aylıq icarə haqqı 8 000 manat imiş. Guya bunu birdən-birə 18 000 manata qaldırıblar. Bu isə mədəni formada "Buradan çıxın" deməkdir. Qiymət fərqi çoxdur... Ümid edirəm ki, bu, axırıncı bağlanan kitab mağazası olacaq.

- Bəs ən çox hansı kitabxanaya getməyi sevirsiniz?

- Tanıyanlar bilirlər, Milli Kitabxana mənim ən sevimli kitabxanamdır. Oraya təkcə oxumaq üçün getmirəm. Oraya gedəndə aurası, çürümüş kitab qoxusu xoş təsir edir. Orada ağlıma elə fikirlər gəlir ki, başqa yerdə olmur. Milli Elmlər Akademiyasının kitabxanası ödənişlidir. Yəqin ki, belə məsləhət olunub.

- Masanızın üzərində köhnə qəzetlər görürəm...

- 1991-ci ildə nəşr olunan "Azadlıq" qəzetinin buraxılışlarıdır. Milli Kitabxanada bunların bəziləri yoxdur. Professor Ədalət Tahirzadə bu nüsxələri mənə bağışlayıb. 1992-ci il prezident seçkilərinə həsr olunmuş bir yazı hazırlayırdım. O dövrlə bağlı məsələyə aydınlıq gətirmək üçün bu nüsxələrdən istifadə edirəm.

- Ümumi neçə kitabınız var?

- Çoxdur, saymamışam... Bir hissəsi iş yerimdə, bir hissəsi rayondadır. Köhnə nəşr kitablarım çoxluq təşkil edir.

Ramiz Rövşən, Əkrəm Əylisli, Əvəz Zeynallı, Kəramət Böyükçölün kitablarından almışam. Britaniyalı yazıçı Cek Higgins dünyasını dəyişdikdən sonra onun da kitablarına baxdım. Maraqlı yazıçıdır. İngiliscə bədii ədəbiyyatı çətin oxuyuram. Qəzetləri, siyasi ədəbiyyatı oxuyuram, amma bədii ədəbiyyat az hallarda.

- Bəs məzmun cəhətdən hansı kitabları sevirsiniz?

- Bəzən olur ki, Fyodor Dostoyevskini sevən, Lev Tolstoyu sevmir. Yaxud da Əkrəm Əylislini sevən Süleyman Rəhimovu sevmir. Mən istər Azərbaycan, istərsə də rus ədəbiyyatını sevirəm. Bu iki ədəbiyyatı orijinaldan oxumağa üstünlük verirəm.

Ümumi şərh etsəm, Çingiz Abdullayevi də oxuyuram, Dostoyevskini də. Doğrusu, indi görürəm ki, rus ədəbiyyatına meyl azalıb...

- Sizcə, bu meylin azalması nədən qaynaqlanır?

- Bu, bəlkə də mənim baxış bucağımda belədir. Amma deyim ki, sovet dövründə rus ədəbiyyatını oxumaq dəb idi. Amma son dövrlərdə postmodern ədəbiyyata üstünlük verilir. Doğrusu, mən rus ədəbiyyatını sevirəm. Çətin, ağır təhkiyəli stildə oxuyum. Məsələn, Türkiyədə baxdım, 19-20-ci əsr rus nəsrinə orada meyl var. Kitabxanalarda rus ədəbiyyatı çox satılır. Amma mənə görə, ölkəmizdə Türkiyə türkcəsində bədii ədəbiyyatı oxumaq çətindir. Məsələn, Orxan Pamuk sadə yazsa da, çətin oxuyuram.

Ümumiyyətlə, mütaliə baxımından müxtəlif janrlar, istər Frans Kafka, istər Mövlud Süleymanlı, oxuyuram... Orta məktəbdə oxuyanda Sabirabadda bütün kitabxanalara üzv idim. Amma indi əvvəlki tezliklə mütaliə edə bilmirəm. Arada Seymur Baycanın, İsa Qəmbərin təkidi ilə yerli ədəbiyyatda yeni əsərlərə də baxdım.

Mənə görə, sonuncu Azərbaycan bədii nəsrinin zirvəsi Əkrəm Əylislidir. Şeirdə isə Ramiz Rövşənin adını çəkə bilərəm. Bəziləri deyir ki, köhnə təfəkkürlü adamlarsınız, amma rəyim belədir. Arada Anar Rzayev, Elçin Əfəndiyevi, Süleyman Rəhimovu da oxuyuram...

İndi ciddi ədəbiyyat publisistik xarakter alıb. İstər poetika, istər nəsrdə olsun, oxuyanda təhlil etmədən əlində hansı yaradıcılıq işinin olmasını duyursan. O baxımdan xüsusi olaraq seçdiyim janr yoxdur. Roman, povest çox oxumuşam. Əvvəllər hekayə sevmirdimsə, indi hekayə oxumağa başlamışam. Sovet dövründə bədii jurnal kimi "Azərbaycan" jurnalı var idi. Orada roman və povestlər kimi ədəbi tənqidi də maraqla oxuyurduq.

Elə olurdu ki, ədəbi tənqidi oxuyurdun, təhlil olunan bədii əsəri oxumasan da, o təhlildən sonra oxuyurdun. Hər şeyi təhlil etmək də doğru olmaz. Şeiri, romanı duyursan.

Nəvələrimdə mütaliəyə sevgi yaratmaq istəyirəm. Baxıram ki, kitabı oxuyurlar, amma ləzzətlə oxumurlar, dərhal internetə qaçırlar. Bu da bir qanunauyğunluqdur... Vizual (şəkillə) və audio qavrayış çoxalıb.

- Bəs özəl kitab kolleksiyanız var?

- Nizami Kinoteatrının yanında bir kitabçı var idi. Bahalı kitablar satılırdı, indi bağlayıblar oranı. Oradan antik kitablara baxırdım. Amma imkanımız yox idi almağa. Nadir kitablar Fazil Mustafada var, o toplayır. Mənim kitabxanamda elə xüsusi guşəm yoxdur. Mən imkan daxilində olanları almışam.

- Bahalı olduğu üçün bəzi kitabları ala bilmədiyinizi qeyd etdiniz. Bir kitaba ən çox nə qədər pul xərcləmisiniz?

- Xüsusilə bahalı kitab almamışam. Tarix fakültəsində oxuyanda "История Россия" kitabı almışdım. Qiyməti 30 manat idi. O vaxtı 30 manat mənim bir aylıq kirayə haqqım idi. O kitab indi də məndədir. Bir dəfə də Lətif Kərimovun Azərbaycan xalçalarına həsr olunmuş kitabını 50 manata almışdım. Amma indi hər şey elektronlaşıb, əlçatandır.

- Sizə hədiyyə olunan kitablar arasında ən çox hansını sevirsiniz?

- Çox kitab hədiyyə edənim olmayıb. Deputat olanda Azərbaycan Ədəbiyyatı Seriyasını bizə hədiyyə etmişdilər, indi də qalır. Bir dəfə "Dünya xalqlarının mifologiyası"nı hədiyyə etmişdilər, o da qalır. Doğum günü qeyd etmirəm, yaxınlarım bu günü bilir. Sonuncu doğum günümdə İsa Qəmbər, Arzu Səmədbəyli, Oqtay Qasımov və Qiyas Sadıqov Ədalət Tahirzadənin iki cildli kitabını hədiyyə etmişdilər. Amma çalışıram ki, kitabları özüm alım. Bilirik ki, müəlliflər kitabları maliyyə çətinliyi ilə dərc edirlər. İmkan daxilində dəstək olmağa çalışıram. Bu işin reklamı da təşkil olunmalıdır. Kitab bəlkə də ən ciddi, xüsusi himayə tələb edən sahədir.

- Elə kitab var ki, kitabxanadan kənarlaşdırmısınız?

- Lelinin də, Qabriyel Markesin, Hengelsin də kitabları var. Hətta Ramiz Mehdiyevin də kitabları var. Mən kitab məsələsində çox xəsisəm. Heç kimə kitab verməyi sevmirəm. Əmim qızı kənd kitabxanasında işləyir. O demişdi rus dilində ədəbiyyatı bağışlayaq kitabxanaya, ona da əlim gəlmədi. Amma düşünürəm ki, artıq kitabxanaya verim.

Çünki artıq evdə şkaflara yerləşmir.

- O zaman kiməsə kitab hədiyyə etmirsiniz?

- Yalnız nəvələrimə alıram. Çox istəyirəm ki, kitab sevsinlər, amma sevmirlər. Ola bilər ki, dərslik kitabları uşaqların gözünü qorxudur. Türkiyəyə gedəndə Ankara Kültür Dərnəyində oradakı dostlarıma kitab aparıram. Sonuncu dəfə 15 noyabrda Ankaraya gedəndə bir neçə kitab apardım.

- Siyasi yazarlardan ən çox kimi sevirsiniz?

- 1982-ci ildə aspiranturada oxumaq üçün Rusiyaya getdim. O vaxt Lenin kitabxanasında burada bizə verilməyən kitabları tapırdım. Əsasən tarixi, dini-fəlsəfi xarakterli kitabları orada oxuya bilirdim. Həzz ilə oxuduğum, hadisələrin təhlili və təsviri baxımından Henri Kissingerin "Diplomatiya" kitabıdır. Sonradan onun bir neçə başqa əsərinə də baxmışam.

Azərbaycanda o baxımdan bəzi memuar ədəbiyyatları var, bilmirəm onlara siyasi ədəbiyyat demək olar ya olmaz. Mən daxil, bizim siyasətçilər yazmağı sevmir. Yazılanlar da keyfiyyət baxımından xüsusi olaraq fərqlənmir.

Elmira Axundovanın kitabları var, səhifələri çoxdur, səviyyəli, siyasi-publisistik yazılmış kitablardır. Məsələn, o baxımdan Əbülfəz Elçibəyin "Mənim tərcümeyi-halım" adlı məqaləsi mənə görə çox şey danışır. Ola bilər ki, bu, mənim dünyagörüşümlə bağlıdır. Məncə, siyasətçilər arasında yazar kimi Əbülfəz Elçibəyin məqalələrinin adını çəkmək doğru olar. Biz hazırda onun məqalələrinin kitabını hazırlayırıq.

Bir qədər də siyasətə həsr olunmuş bədii əsərlər baxımından Əkrəm Əylislinin "Daş yuxular"ı yada düşür. Amma onun bu mövzularda başqa romanları da var, həm də siyasətə toxunub. "Daş yuxular" sadə əsər deyil. Bəziləri deyirlər ki, yazıçı Nobel almaq üçün bunu yazıb. Amma əsərdə bizim üçün zərərli olan, tariximizin təhrifi ilə bağlı məsələlər də var. Amma əsəri tənqid edənlər yazıçının adını çəkmədiyini əsərlərini tənqid edirdilər.

O əsəri oxuduqca hiddətlənirdim ki, dövrü təhrifolunmuş şəkildə qüdrətli qələmlə, amansızcasına, istedadla çatırır. Siyasət aşıqları da var. Məsələn, Nemət Pənahlı. Kitab yazıb, amma dərc olunmayıb. Məhəmməd Hatəmlinin yazıları da vardı. Subyektiv yanaşırdı. Mənim özüm də kitab yazmışam, qismət olunar, çap edərik. Bəzi hisslərini "Yeni Müsavat"da çap etmişdik. Kitabın nəşri üçün xüsusi planım yoxdur. Bir də gördünüz ki, kitabı çatdıra bilmədik.

- Sizcə, Azərbaycanda Nobel kimə verilməlidir?

- Ramiz Rövşənə. Amma Azərbaycan türkcəsində yazıb, gərək tərcümə olunub xaricə çıxa. Çox istəyərəm ki, Azərbaycandan dünya miqyasında tanınmış yazıçımız, şairimiz olsun. Amma yaxın perspektivdə görünmür. Arzu edək, arzunu qadağan etmək olmaz. Arzu edək ki, bizim də böyük olduğumuz görünəcək. Məhəmməd Füzuli, Nizami Gəncəvi, İmadəddin Nəsimi yaşasaydı, yəqin ki, Nobeli alardılar.

- Tarixi obrazlardan kimləri sevirsiniz?

- 1992-ci ildə bu sualı bir dəfə də mənə vermişdilər, cavabım Məhəmməd Peyğəmbər və Çingizxan oldu.

Məhəmməd Peyğəmbər mənəvi cəhətdən ən böyük insandır, Çingizxan isə ən böyük hökmdardır. Olar bilər ki, bu, Pənah Hüseynin özünün daxili aləminin ziddiyyətli olmasından irəli gəlir.

Sonra baxdım ki, eyni cavabı Əbülfəz Elçibəy də verib. Mənim üçün də çox qəribə idi, sorğudan xəbərimiz olmamışdı.

Orta məktəb vaxtı "Spartak"ı çox sevirdim, azı 50 dəfə oxumuşdum.

Amma Napoleonu sevmirdim.

- Niyə?

- Onun da boyu balacadır, mənim də. Yəqin ki, boy kompleksinə görə sevmirdim onu.

- Amma hər ikinizin adı tarixdə qalıb...

- İndi də sevmirəm onu. Tarixi romanları çox oxumuşam.

"Koroğlu"nu bəlkə 100 dəfə oxumuşam. Sonradan öyrənəndə ki, dastan orijinal deyil, çox məyus oldum.

- Məyusluğun səbəbi nə idi? 7 777 dəlinin varlığına inanırdınız?

- Yox. Rəqəmlərin mistikası var. Sonradan onları öyrəndik onsuz da. Bununla yanaşı, fantastika janırını çox sevmişəm. Ən çox sevdiyim fantastik əsrlərdən biri Boris Struqatskinin "Tanrı olmaq çətindir" əsəridir. Ümumiyyətlə, o vaxt əlimizə nə keçirdi oxuyurduq.

- Bəs dini kitablar oxuyursunuz?

- Mən uşaq vaxtından 25 yaşıma qədər davakar ateist olmuşam. Bütün bəlaların səbəbini dində görənlərdən idim. O vaxt Quranın rus dilində tərcüməsini belə kitabxanada vermirdilər. Mən universitetdən xüsusi məktub aldım, qapalı fonddan kitabı alıb oxudum. Diplom işim "İslam sosializmi nəzəriyyəsi" idi.

- Diplom işinin mövzusunu bilərək seçmişdiniz?

- Mənim ixtisasım fəlsəfə idi. Qəbul imtahanını Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə vermişdim. Azərbaycan dili və Ədəbiyyatı imtahanında yazıdan 3 aldım. Azər adlı oğlan var idi 4/4 alıb keçdi. Baxmayaraq ki, digər imtahanlardan mənim qiymətim daha yüksək idi, Azər keçdi, mən yox. Sonra diplom işim yarı fəlsəfi mövzuda oldu.

İlk dəfə Quranı kitabxanada oxuyanda təsiri oldu. Sonra İncili, Tövratı oxudum. Onların da müəyyən təsiri oldu.

Ateistin əsas xüsusiyyəti həddindən artıq eqolu olub, özünü hamıdan ağıllı, dindar olanları cahil bilməsidir. Bunu yalnız ateist olanlar bilər. Sonradan başa düşürsən ki, sən əslində heç nə bilmirsən, miskin, cüzi şəxssən. Sonra bir sınma baş verir, o sınma adamı boşluğa da apara bilər, dinə də. Məndə Allaha inam yaranmağa başladı. Bir də gördüm ki, dindaram. Suallar, cavablar...

- Ailənizin ateist olmanıza rekasiyası necə idi?

- Mən davakar və tərbiyəsiz ateist olmuşam. Anam o mövzuda danışmağa başlayanda əl atdı üzünə, baxdım qan axmağa başaldı. Elə şeyləri danışmağa başlayırdım ki... Amma anamın o hərəkəti məni ateistlikdən uzaqlaşdırmadı. Sinifdə ilk atesit mən idim, o qədər güclü təhsilim var idi ki, bitirəndə hamını ateist etmişdim.

Heygel deyir ki, şübhəsiz fəlsəfi düşüncənin, ruhi varlığın zirvəsi dindir. Sonradan mən də bu fikirlə razılaşdım.

- Öz fəaliyyətiniz haqqında yazmaq istəyərsiniz?

- Demək olar ki, yazdığım kitab o cürdür. Mən hər şeyi yazmağı sevmirəm. Elə şeylər var ki, göydəki Allah və özün bilirsən.

Vinston Çörçillin memuarları ədəbiyyat nominasiyası üzrə Nobel alıb. İstərdim ki, elə kitabım olsun və qalsın. Sırf akademik, publisistik kitab olmasını istəmirəm. Amma onu da yazmaq üçün gərək varsa istedad üzə çıxacaq.

- Azərbaycanın ən təlatümlü dövründə siyasi kürsüdə olmusunuz. O dövrdən yazmaq istəyərsiniz?

- Elə kitabda o dövrdən yazılıb. Onun bir fəslində "Cinayətimiz məğlubiyyətimizdir" adlı yazı var, 1991-ci ilə həsr olunub. Həm hadisələr təsvir olunur, həm də baxış var. Mən onu kitab kimi düşünməmişdim əslində.

- Oxuculara sözünüz var?

- Əkrəm Əylisli ilə dialoqum var idi. Bir gün baxdım ki, kürəkənim onu yazıya çevirib. Vərəqlədim, baxdım Əkrəmin yazısı, 30 səhifəlik. Çox maraqlı söhbətdir. İndi özünə gərək göstərəm. İstəsə lap özü çap etsin. Əvvəli Ramiz Rövşəni tənqidlə başlayır. Kitab dünyanın, insanın mövcudluğu şərtləndirən bir neçə şeydən biridir. Kitab qurtarsa, insanlıq da qurtaracaq. "Kitabsız" sözü əvvəllər təhqir idi. Adam deyilsən mənasını verirdi.

Allahın möcüzələrindən biri kitabdır. Hər millətin kitabı varsa, millətdir. Məhəmməd Peyğəmbər də kitab gətirdi, xristianların, yəhudilərin kitabı olduğu kimi, bizim də kitabımız oldu. Kitabı sevmək lazımdır. Kitabı sevən millət də, bəşəriyyət də azad ola bilər.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov