4 May 2022 14:55
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır.

Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yararlı qrunt tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri ilə sözügedən yol boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılmış olacaq.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər