Mayın 9-da Azərbaycanın Baş Prokurorluğunda müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində ulu öndərin büstü önünə əklil və gül dəstələri qoyub, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasını diqqətə çatdırıb.
Baş prokuror qeyd edib ki, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik edib. Bu yolda çoxsaylı maneələrin yaradılması, dəfələrlə planlaşdırılan terror və sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz uzaqgörənliliyi, siyasi müdrikliyi, əyilməz iradəsi və qətiyyəti, ən əsası – milli ümumxalq həmrəyliyi nəticəsində müstəqil Azərbaycanı hazırki və gələcək nəsillər üçün qoruyub saxlamış və müasir inkişaf yoluna çıxarıb.
O bildirilib ki, müstəqil Azərbaycanın mühüm dövlət qurumlarından biri olan prokurorluq orqanlarının beynəlxalq tələblərə və standartlara uyğun formalaşaraq əhəmiyyətli statusunun müəyyən edilməsi və son nəticədə dövlətçiliyin maraqlarına xidmət edən bir təsisat kimi idarəçilik sistemində öz layiqli yerini tutması Heydər Əliyevin müdrik siyasəti, onun mütəmadi qayğı və dəstəyi nəticəsində mümkün olub.
Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-nin respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmasının prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirildiyi, prokurorluğun kollektivinin fəaliyyətinə verilən yüksək diqqət və etimadı səmimi minnətdarlıq duyğuları ilə qarşıladığı, xalqımıza ləyaqətlə xidmət göstərdiyi qeyd edilib.
Xüsusi vurğulanıb ki, Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı özündən sonra həmin konsepsiyanı müstəsna peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi beynəlxalq arenada qabaqcıl dövlət olaraq tanınmasına nail olub, həyata keçirdiyi komleks islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, ulu öndərin özü qədər inanıb-güvəndiyi görkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması oolub.
Tədbirdə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev çıxış edərək fenomenal şəxsiyyət, dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsini, fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına çevrilməsini diqqətə çatdırıb.
Daha sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan prokurorluq orqanları əməkdaşları arasında keçirilmiş şahmat turnirinin qalibləri, həmçinin Həmkarlar İttifaqları Konfederasiyasının ulu öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunan sahə həmkarlar ittifaqı komandaları arasında mini futbol turnirində 2-ci yeri tutan prokurorluq əməkdaşları təltif olunub.
Tədbirin işinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivi adından hər bir prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yeni müstəvidə davam etdirilən islahatların həyata keçirilməsində öz xidmətlərini göstərəcəyinə əminliyini bildirib.
Sonda ümummilli liderin xatirəsinə həsr olunan “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı sənədli film nümayiş etdirilib.